Türkiyənin müxtəlif vilayət və şəhərlərində “Kömürdən qurtul! Gələcəyi qurtar!” şüarı altında aksiyalar davam edir. Bu dəfə diqqət Qaz dağı adlanan, milli park statusu alan əraziyə yönəlib.
Novator.az-ın məlumatına görə, Türkiyənin oksigen deposu sayılan bu bölgədə 3,5 milyon kömür sərfi ilə işləyəcək istilik elektrik stansiyası qurmaq nəzərdə tutulur. Bu layihəni dayandırmaq üçün Çanaqqala və Küçükköy ərazisində yaşayan yüzlərlə insan küçələrə axışıb.
Ölkə boyunca on milyondan çox insanın və 13 ölkənin dəstəyini alan saf ekoloji mühit tərəfdarları Türkiyə ərazisində kömürlə işləyən bütün istilik stansiyalarının təcili dayandırılmasını tələb edirlər.
Aksiyaçılar həmçinin dövlət qurumlarına müraciət edərək prosesi bilərəkdən əngəlləyən bəzi məmur və iş adamlarının məsuliyyətə cəlb olunmasını istəyirlər.
Etirazçıların səsinə səs verən ekoloqlar artıq dünyanın çox yerində kömür sənayesindən və mədənlərindən, eləcə də kömürlə işləyən stansiyalardan imtina edildiyini söyləyirlər. Qaz dağının flora və faunasının kömür tüstüsündə boğula-boğula zəhərlənməsinə imkan verməyəcəklərini söyləyən insanlara bir neçə beynəlxalq ekoloji qurum mənəvi dəstək verir. Belə nüfuzlu beynəlxalq təşkilatlardan “Coa Swarm”, “Sierra Club” və “Greenpeace” geniş bir hesabat hazırlayaraq onu “Yüksəliş və çöküş – 2017: kömürlə işləyən istilik elektrik stansiyalarının qapadılması, fəaliyyətinin izlənməsi və təqib edilməsi” adı ilə ictimaiyyətə və mediaya təqdim edib.
Yerli mütəxəssislərin dediyinə görə, kömürlə işləyən stansiyalar büdcəyə də zərər vurur, çünki müasir dünya artıq bu sahəyə, kömür sənayesinə yatırımlar etməkdə maraqlı deyil. Hesabata görə, təkcə keçən il Çində kömür sənayesinə yatırım 85 faiz azalıb, nəticədə 100-dən çox kömürlə işləyən stansiya istismardan çıxarılıb.
Avropada və Amerikada isə kömür sənayesi, kömürlə işləyən istilik elektrik stansiyaları artıq ömrünü tamamlayaraq keçmişə çevrilib. Daima enerji mənbələri axtarışında olan müasir dünya indi günəşdən, küləkdən, zibil tullantıları və yaşıllıqdan alternativ enerji alır. Amerikanın bir neçə ştatında istilik enerjisi stansiyalarının zibildən alınan alternativ enerji hesabına işlədiyi bir zamanda Türkiyə hələ də kömürlə işləyən stansiyalardan qurtulmaq istəmir.
Hesabatda qeyd edildiyi kimi hazırda Çanaqqalada və ətraf bölgələrdə kömürlə işləyən 14 istilik elektrik stansiyası var. Üstəlik, bir neçə oxşar stansiyanın inşasına hazırlıq görülür.
“Qaz dağını kömür soldurmasın!” deyən Tarixi Mədəni İrsi və Canlıları Qoruma Dərnəyinin üzvləri də aksiya iştirakçılarına dəstək verərək onları geri durmamağa, təmiz hava, saf iqlim uğrunda mübarizəni davam etdirməyə çağırıblar.
Bundan qabaq 72 kənddə imzalanan etiraz bəyanatları hökumətə çatdırılsa da, bir nəticə verməmişdi.
Kömürlə işləyən istilik elektrik stansiyalarına “yox” deyənlər axıracan mübarizə aparacaqlarını, bu yöndə bütün layihələrin dayandırılmasına nail olacaqlarını söyləyirlər.
Türkiyənin oksigen deposu hesab edilən Qaz Dağları Milli Parkının yamacında istilik elektrik stansiyasının tikilməsi planına etiraz edənlər deyirlər ki, bu stansiyadan çıxacaq zəhərli qazlar Çanaqqala və Balıkəsir mühitinə, yaşıllığa və canlılara, eləcə də yerli sakinlərə böyük ziyan vuracaq.
Müxtəlif yerli təşkilatlar, yaşıllığı mühafizə edən, ekoloji problemlərlə məşğul olan qurumlar sakinlərin istəyi ilə bu kampaniyaya qoşularaq Türkiyə hökumətini kömürlə işləyən istilik elektrik stansiyalarının inşasından tamamilə imtina etməyə və ölkə boyunca alternativ enerji stansiyalarını işə salmağa çağırırlar.