“Kütləvi qırğın azərbaycanlıların iradəsini qıra bilmədi”
Azərbaycanlıların Soyqırımı Günü AZƏRTAC Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlının mart qırğını ilə bağlı məqaləsini yayıb.
“31 mart 1918-ci il: tarix – olduğu kimi” başlıqlı məqalədə professor qeyd edir ki, Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin martında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər: “Anadoluda törətdikləri soyqırımılar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərlər yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.
1917-ci ilin payızından Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında (indiki Ermənistan Respublikasında), Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü Stepan Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırımına başlandı”.
Novator.az-ın məlumatına görə, professor soyqırımının bir sıra səbəblərinin olduğunu vurğulayır: “Hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə qatmaq üçün guya Bakının və Azərbaycanın digər yerlərinin fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkcə demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. Lenin həmin ilin dekabrında Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsadüfi deyildi ki, 1918-ci il mart ayının ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir” deyə cavab vermişdi.
Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. O zaman Cənubi Qafqazda faktiki olaraq üç güc – müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda qırğınların törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.
Qırğınların törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi.
Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, yox idi.
Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücum üçün bir bəhanə axtarılırdı. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərədək silahlı qüvvəmiz vardı. Həmçinin Daşnaksütunun 3-4 minə qədər milli hissələri də bizim sərəncamımızda idi. Daşnaksütunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”.
Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər”.
Müəllif qırğınların yalnız aprelin 2-də dayandırıldığını yazır: “Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi.
ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.
ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir”.
Musa Qasımlı yazır ki, erməni daşnakların və bolşeviklərin soyqırımını törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyəti və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi.
Martda Bakıda törədilən kütləvi qırğın azərbaycanlıların iradəsini qıra bilmədi. Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsi dayanmadı. Bu mübarizə nəticəsini verdi və mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu”.