Avstraliya sahillərində 2600 kilometr boyunca mərcan rif divarı uzanır. Bunu “Böyük rif səddi” də adlandırırlar.
Rif – dayaz su sahələrində sualtı və suüstü yüksəkliklərə deyilir. Riflər sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır.
Minlərlə rif sistemindən ibarət “Böyük rif səddi” Mərcan dənizində mərcan rif və adalar silsiləsinə daxildir və ümumilikdə 344 kvadrat kilometr sahəni tutur.
İndi alimlər burada 6000-ə qədər mərcan rifin kökünün kəsilməsi ərəfəsində olduğunu söyləyirlər.
Mütəxəssislər deyirlər ki, proses sürətlə gedir və hətta okeanların dərinlikləri belə qlobal istiləşmə nəticəsində “çılpaq” qala bilər.
Novator.az-ın məlumatına görə, planetin ən böyük riflərində mərcanlar üzərində tədqiqatlar aparan avstraliyalı alim Ceyms Kuk bildirib ki, qlobal istiləşmə nəticəsində mərcanların rəngi tamamilə dəyişib, onların mikroskopik yaşıl-göy dəriləri öz təbii görünüşünü demək olar ki, itirib.
Alimlərə görə, mərcanların dərisində inkişaf getmədiyindən onların riflərlə üzvi əlaqəsi itir.
Bütün prosesləri qlobal istiləşmə ilə əlaqələndirən professor Morqan Pratçett iki ildən çoxdur “Böyük rif səddi”nin qoruma qabiliyyətinin zəiflədiyini söyləyir. Onun fikrincə, sağalmaz xəstəliklərə tutulan mərcanların qlobal istiləşmə nəticəsində deqradasiyaya uğraması bütün dünya sularında flora və faunaya ciddi təhlükə törədir. Alim təcili tədbirlər görülməzsə, qlobal istiləşmənin bütün mərcan riflərini və polipləri məhv edəcəyini deyir.
Mütəxəssislər vurğulayırlar ki, mərcan riflərin qorunması üçün beynəlxalq həmrəylik göstərməklə qlobal istiləşməyə qarşı tədbirlər həyata keçirilməlidir.