Müxalifətin bir hissəsinin cəmləşdiyi Demokratik Qüvvələrin Milli Şurası Bakıda kütləvi aksiyalara start verir. Qurumun Koordinasiya Mərkəzinin martın 29-da keçirilən iclasında ilk mitinq aprelin 9-u saat 15-ə, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (“İnşaatçılar” metro stansiyasının yanı) təyin edilib. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
Novator.az bildirir ki, Milli Şura 2013-cü ildə yaradılıb. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Oqtay Gülalıyev, Şahvələd Çobanoğlu, Tofiq Yaqublu, Rövşən Əhmədli, Gözəl Bayramlı, İbrahim İbrahimli və başqa müxaliflər təmsil olunur.
9 aprel mitinqinə qərar verilməsi ərəfəsində çağırış yayan Milli Şura üzvü, AXCP sədri Əli Kərimli vətəndaşları fəallığa çağırıb: “Əziz həmvətənlər, sizcə, bu ölkə necə dəyişəcək? Hansısa xarici qüvvələrmi gəlib bizim əvəzimizə ölkəmizdə vətəndaşa xidmət edən, ədalətli və demokratik hakimiyyət quracaq? Bəlkə xalqımızı 45 il ərzində əsarətdə saxlayan sülalə hakimiyyətinin ölkəni bundan sonra da talamaq imkanından öz istəyi ilə imtina edəcəyinə ümid etməliyik? Yoxsa ölkədən 48 milyardı oğurlayıb çıxaranların insafa gəlib hüquqi dövlət quracağına, hakimiyyəti xalqa qaytaracağına inanmalıyıq? Biz özümüz mübarizə apararaq ölkədə demokratik dəyişikliyə nail olmasaq, başqa hansı yolla ölkəmizdə azadlıq və ədalət bərqərar olacaq? Elə bir yol varmı ki, sadəcə oturub gözləməklə bir gün ölkəmizdə korrupsiya, ədalətsizlik, hüquqsuzluq durdurulsun, hakimiyyət xalqa qaytarılsın?
Ölkənin daxilində təşkilatlanmış xalqın demokratik, dinc təzyiqi olmasa, islahatların önü açılmayacaq. Həmin o güclü, ancaq konstitusiya çərçivəsində təzyiqi güclü müxalifət təşkil edə bilər. Güclü müxalifət yaratmaq isə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə millətin görə biləcəyi işdir. Ölkədəki total hüquqsuzluq şəraitinə, müxalifətə qarşı ağır təzyiqlərə baxmayaraq bizlər əlimizdən gələni edirik. Ancaq indiyə qədər etdiklərimiz yetərli deyil. Daha böyük işlər üçün sizlərin – ölkəsində demokratik dəyişikliklərin tezliklə baş verməsini ürəkdən istəyən həmvətənlərimizin dəstəyinə ehtiyacımız var. Sizləri AXCP sıralarına qoşulmaqla birgə mübarizəyə dəvət edirəm. Gəlin, gücümüzə güc qatın”.