Martın 30-da Bolqarıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkisinin rəsmi nəticələrini bəyan edib.
Novator.az bildirir ki, martın 26-da keçirilmiş seçkinin rəsmi nəticələrinə görə, Avropa İttifaqı tərəfdarlarının GERB Partiyası 240 yerlik Xalq Məclisində 95 nəfərlə təmsil olunacaq.
Rusiya ilə yaxınlaşmaq tərəfdarı olan Sosialist Partiyası parlamentə 80 mandat qazanıb.
Ötən il noyabrın 13-də Sosialist Partiyasından Rumen Radev Bolqarıstan prezidenti seçilib. Bundan sonra GERB Partiyasının təmsilçisi olan baş nazir Boyko Borisov istefa verib və ölkə növbədənkənar seçkiyə gedib. 26 mart seçkisindən sonra bu partiya hakim koalisiya yaratmaq imkanı əldə edib.
Rəsmi nəticələrə əsasən, “Birləşmiş vətənpərvərlər” bloku 27, Hüquq və Azadlıq Hərəkatı 26, “İradə” bloku 12 deputat yeri əldə edib.