Taxes.gov.az vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədovla müsahibə yayıb. Ələkbər Məmmədov ticarət festivallarından söz açıb:
– Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda ticarət festivallarının (“shopping festival”) təşkilidir. Bu festivallar həm də fiziki şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin tətbiqini nəzərdə tutur. ƏDV-nin qaytarılması qaydası dövlət başçısının 20 fevral 2017-ci il fərmanı ilə təsdiq edilib. Bu işlə ticarət festivallarının operatoru kimi Vergilər Nazirliyi məşğul olur.
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatını Vergilər Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparır. Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı izahlı məlumat əldə edə biləcək. Əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının 2-ci qaydası barədə də məlumat verməlidir. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası”, qısaca olaraq “Tax Free” sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər.
Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə satıcı Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-fakturası (e-VHF) tərtib edir və bu barədə məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlandıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşının mallara baxmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanında möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.
Ticarət festivalları dövründə bir sıra mallara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir.
Ticarət festivallarında alıcıya fərq qoyulmur. Yəni Bakıda təşkil olunacaq ticarət festivallarında ƏDV əcnəbilərlə yanaşı yerli vətəndaşlara da qaytarılacaq.