Türkiyənin kömürlə işləyən İzdəmir İstilik Elektrik Stansiyasının məhkəmə qərarından sonra yenidən işə düşməsi Egey bölgəsində, xüsusilə Aliağa rayonunun sakinləri arasında narazılıq yaradıb.
Novator.az-ın məlumatına görə, ətraf mühiti çirkləndirən, bir çox canlının və bitkinin zəhərlənməsinə səbəb olan bu stansiyanın fəaliyyəti əhalinin müraciətindən sonra dayandırılmışdı.
İzdəmir stansiyasını işlədən şirkət vəd etmişdi ki, stansiya fəaliyyətini bərpa etsə, alternativ enerji ilə işləyəcək.
Ancaq stansiya əvvəlki qaydada fəaliyyətini bərpa edib. Məsələ ilə bağlı yaradılmış hökumət komissiyasının buna icazə verməsi əhalinin etirazına səbəb olub. Şirkət öz fəaliyyətinə bəraət qazandırmaqdan ötrü 10 gün hər bir sakinin stansiyanı müşahidə etməsinə şərait yaradacağını açıqlayıb. Lakin yerli sakinlərin inadını qırmaq mümkün olmayıb. Sakinlər işin dayandırılmasını istəyirlər.
Bəzi mütəxəssislərin fikrinə görə, kömürlə işləyən bu istilik elektrik stansiyası var gücü ilə işə salınsa, ətraf mühitə vurulan zərər birə-beş artacaq.