Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan “Kentron” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. Novator.az-ın məlumatına görə, keçmiş prezident deyib ki, Ermənistanın bütün sosial problemləri daha çox Qarabağ münaqişəsinin həll olunmamasından doğur: “On minlərlə gənc orduda qulluq edir, xalq sülhün dəyərini necə anlamaya bilər? Xalqı çətin kompromis qərarlara hazırlamaq lazımdır. Çünki kompromislərdən hər iki tərəf narazı qalacaq. Dağlıq Qarabağ ətrafındakı əraziləri Dağlıq Qarabağın müstəqilliyi əvəzində geri qaytarsaq, xalqın böyük hissəsi və siyasi xadimlər narazı olacaq. Azərbaycanda isə həmin ərazilərin alınması müqabilində Dağlıq Qarabağın müstəqilliyinin tanınması narazılıq doğuracaq. Yəni ideal qərarlar olmayacaq”.
Ter-Petrosyan Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını qaçılmaz saydığını deyib: “Xoşluqla geri verməsək, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər Ermənistan dünya ictimaiyyətinə sinə gələ bilən dövlətdir? Məgər biz BMT-ni, ATƏT-i, ABŞ-ı, Rusiyanı, Fransanı diz çökdürə bilərik? Bu əraziləri əldə saxlamaq qeyri-mümkündür, hətta Bakı alınsa belə. “Bir qarış da torpaq vermək olmaz” deyənlər bu millətə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə görmüşük. Əraziləri vermədilər, ancaq bütün ölkəni verdilər”.
Ter-Petrosyan aprelin 2-də keçiriləcək parlament seçkisinə qatılıb. O, lideri olduğu Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun proporsional siyahısından namizəd göstərilib.
Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. O, 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün hərbi təcavüzə başlayıb. Dağlıq Qarabağ vilayəti 1991-ci ildə özünü müstəqil dövlət elan edib. Ermənistan bu bölgəni və daha 7 rayonu işğal altında saxlayır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.