“Pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Ancaq bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir”. Martın 28-i Saatlıda pambıqçılığın inkişafı məsələləri müşavirəsinə yekun vuran prezident İlham Əliyev belə deyib.
Novator.az-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar olacaq: “Orta məhsuldarlıq 20 sentner ətrafında gözlənir. Əlbəttə, çox da ola bilər, az da. Misal üçün, keçən il 17 sentner olub. Ancaq keçən il bir qədər vaxt itirdik. Eyni zamanda hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi.
Bu il bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da vaxtında aparılmalıdır. Əgər hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər bu gözəl nəticəyə gətirib çıxarıb. Bu onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.
Bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır. Əkin sahələri artdıqca bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar.
Biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihə həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir.
Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda nasos stansiyalarına fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə eyni zamanda iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir.
Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər.
Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda onu göstərir ki, dövlət fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir.
Güzəştli şərtlərlə gübrələr verilir. Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıb. Bu, əsasən bölgələrə gedən vəsaitdir. Metodik tövsiyələr verilir, kənd yolları, magistral yollar salınır. Yəni bütün bu infrastruktur layihələri, bütün bunlar dövlətdən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar, fermerlər, işləyən vətəndaşlar daha çox pul qazansınlar və onların yaşayış səviyyəsi artsın. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Odur ki, bütün aidiyyəti qurumlar bizim gələcəkdə əmək resurslarımızla bağlı olan siyasəti təhlil etməli, eyni zamanda təkliflər verməlidirlər.
Mən artıq qeyd etdim ki, uğurlu iqtisadi siyasət, sabitlik, əmin-amanlıq nəticəsində Azərbaycanda əhali artır və artacaq. Biz gərək əmək resurslarımızdan səmərəli istifadə edək. Həm yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür və eyni zamanda yaradılacaq proqnozlaşdırılan iş yerləri ilə bağlı biz əmək resurslarını səfərbər etməliyik ki, burada həm boşluq, həm əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda işsizlik də artmasın. Ona görə burada çox düşünülmüş siyasət aparılmalıdır və xüsusilə pambıqçılıqda sürətlə artan iş yerlərinin nəzərə alınması mütləq gündəlikdə olmalıdır.
Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.
Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək”.
İlham Əliyev deyib ki, bir neçə ildən sonra ölkəyə yeni pambıqtəmizləmə zavodları lazım olacaq: “Burada deyildi ki, İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik.
Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək. Bu, tarixi nailiyyətdir. Bir il ərzində bu qədər torpaq sahəsini su ilə təmin etmək doğrudan da böyük nailiyyətdir. Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin xətti ilə, həm yerli icra orqanlarının fəaliyyəti nəticəsində biz buna nail ola bilmişik. Bu 150 min hektarın böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulur və əlbəttə ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən danışa bilməzdik.
Biz işləri davam etdirməliyik. Mənə artıq gələn il üçün təkliflər təqdim olundu. İlkin hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara yaxın torpaqlara su çəkə bilərik. Bu istiqamətdə işlər artıq başlayır və mütləq bu, Dövlət İnvestisiya Proqramına salınmalıdır. Bizim hələ ki, bölüşdürülməmiş ehtiyatımız var. Biz bu il də vəsait əlavə edə bilərik ki, gələn ilin əkin mövsümünə yeni torpaqlara su gətirək.
Əlbəttə ki, biz bu gün qarşımıza o qədər də böyük olmayan hədəflər qoyuruq. Hektardan iyirmi sentner çox aşağı göstəricidir. Bu gün olduğum pambıq tarlasında mənə verilən məlumata görə, onlar 40 sentner götürəcəklər. Bu gün səsləndi, bəzi təsərrüfatlar 50 sentner götürür. Əlbəttə, bu, böyük göstəricilərdir. Ancaq sovet dövründə orta məhsuldarlıq 30-35 sentner idi. Yəni biz buna çalışmalıyıq. O vaxt hələ müasir suvarma sistemləri, müasir traktorlar, kombaynlar yox idi. Ona görə bu, mümkündür və biz həm əkin sahələrini genişləndirməliyik, həm də məhsuldarlığı artırmalıyıq”.
Prezident pambıqçılığın inkişafının ölkəyə əlavə gəlir gətirəcəyini vurğulayıb: “Ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, – bizim büdcədə bu rəqəm nəzərdə tutulub, – ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək. Ona görə pambıqçılığın inkişafı ilk növbədə məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı prezident kimi mənim üçün ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
Burada, əlbəttə ki, pambığı becərən gəlir qazanır. Dövlət ancaq burada maraqlıdır ki, ölkəyə daha çox valyuta gəlsin. Amma bunu yenə də neft və qazla müqayisə etmək, əlbəttə ki, düzgün olmazdı”.
Dövlət başçısı deyib ki, pambıqçılığın inkişafı Azərbaycanda yüngül sənayenin inkişafına böyük təkan verəcək: “Keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu. Orada 9 zavod tikiləcək, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə sənaye parkının fəaliyyəti nəticəsində ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.
Eyni zamanda biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür”.