Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhbusun cəzası dəyişdirildi. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun cəzası 15 il, Ceyhun Hüseynovun cəzası 25 il həbslə əvəzləndi. Zakir Nəsirov 2007-ci, Ceyhun Hüseynov 2004-cü ildə ömürlük cəza almışdılar.
1998-ci ildə ölüm hökmü ləğv olunub və ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbuslar uzun illərdir cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirlər. Avropa Şurasının Parlament Assambleyası da 2007-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib.
Bu qrup ömürlüklər üzrə iş nə yerdədir? Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Novator.az-a danışarkən ədliyyə naziri Fikrət Məmmədovun AZƏRTAC-a bu ay verdiyi müsahibəni xatırladıb: “Ədliyyə naziri bildirib ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin hüquqlarının təmin olunması da diqqətdən kənarda qalmır, bu cəza növünün tətbiqi təcrübəsi təhlil edilir, onun icrası mexanizmlərinin təkmilləşdirilməsi imkanları nəzərdən keçirilir. Hazırda qanunvericilik bu baxımdan öyrənilir, tədqiq edilir. Öyrənmə nəticəsində bütün məsələlər ümumiləşdiriləcək, əgər ehtiyac olacaqsa, qanunvericiliyə dəyişikliklər təklif ediləcək.
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının 25 ilini çəkəndən sonra rejim növünün dəyişdirilməsi ilə bağlı müraciət hüquqları var. Qanunvericilik onlara əfv edilməklə bağlı müraciət hüququ da verir. Bu hüquqdan bir çox məhkum istifadə edib”.
Vaxtilə ölümə məhkum edilmiş, sonradan cəzaları ömürlük cəza ilə əvəzlənmiş şəxslərin işinə gəldikdə, Əliməmməd Nuriyev qanunvericilikdə yeniliklərin ola biləcəyini istisna etmir: “Prezident bu il penitensiar sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, azadlıqdan məhrum edilmə olmadan cəzaların tətbiqi və digər islahatları nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamın əsas qayəsi bütövlükdə cəza siyasətini təkmilləşdirmə, cəzanın humanistləşdirilməsinə nail olmaqdır. Cəzanın humanistləşməsindən söhbət gedirsə, təbii ki, bu, bütün məhbuslara şamil edilə, ümumiləşdirmə aparıla bilər. Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir, ayrı-ayrı cinayətlər üzrə daha hansı dəyişikliklərin edilməsi imkanları araşdırılır. Amma konkret sözügedən məhbusların işinə baxılıb-baxılmayacağı haqda konkret söz söyləmək düzgün deyil, çünki məhkəmənin onlarla bağlı qanuni qüvvəyə minmiş hökmü var. Cəzaların humanistləşdirilməsi üzrə qanunvericilikdə dəyişiklər edilməsi gözlənir və bu dəyişiklik ediləcəksə, onların işlərinə yenidən baxmaq olar.
Cinayət işlərinə fərdi yanaşılır. Bəzi ömürlük məhbuslar 22-25 il, hətta daha uzun müddətdir cəza çəkir. Ona görə də gələcəkdə mümkün dəyişikliklər hesabına cinayətin xarakterindən asılı olaraq cəzasının müəyyən hissəsini çəkdikdən sonra rejim növünün dəyişdirilməsi, azadlıqdan müddətli məhrumetmə və digər yanaşmalar tətbiq edilə bilər. Bütün bu işlər hələ ki, araşdırma mərhələsindədir”.