2018-ci ilin dünya futbol çempionatına vəsiqə uğrunda seçmə mərhələ martın 28-i Asiya, Şimali və Mərkəzi Amerika, Okeaniya, Cənubi Amerika zonalarında növbəti oyunlarla davam edib. Öz meydanında Paraqvayı 3:0 hesabı ilə yenən beşqat dünya çempionu Braziliya Cənubi Amerika zonasından final mərhələsinə vəsiqə əldə edib.
Final mərhələsi Rusiyada 32 komandanın iştirakı ilə keçiriləcək.
Cənubi Amerikada 4 vəsiqə uğrunda 10 komanda mübarizə aparır. Hazırda ilk dörd pilləni Braziliya (33 xal), Kolumbiya (24 xal), Uruqvay və Çili (23 xal) tutur. Argentina (22 xal) beşinci yerdədir. Bu yer Okeaniya zonasının qalibi ilə üz-üzə gəlmək imkanı verir.
Novator.az martın 28-də keçirilmiş digər oyunların turnir cədvəllərinə necə təsir etməsinə nəzər salıb.
Okeaniya zonasında 6 komanda 2 qrupda mübarizə aparır. A qrupunda 10 xal toplayan Yeni Zelandiya növbəti raunda keçib. B qrupunda Taiti 6 xalla öndədir.
Qrup qalibləri öz aralarında görüşdükdən sonra dünya çempionatına vəsiqə üçün Cənubi Amerika təmsilçisi ilə yarışmalıdır.
12 komandanın 2 qrupda yarışdığı Asiyada liderlər mövqelərini möhkəmləndirib. A qrupunda İran 17 xalla birinci pilləni tutur. Cənubi Koreya 13 xalla ikinci, Özbəkistan 12 xalla üçüncüdür.
B qrupunda Səudiyyə Ərəbistanı və Yaponiya 16 xalla öndə dururlar. Avstraliya 13 xalla üçüncü yerdə gedir.
Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanacaq. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.
6 komandanın 1 qrupda cəmləşdiyi Şimali və Mərkəzi Amerika zonasında dünya çempionatına birbaşa çıxmaq hüququ verən ilk üç pillədə Meksika (10 xal), Kosta Rika (7 xal) və Panama (5 xal) qərar tutub. ABŞ və Honduras 4 xalla Asiya zonasının təmsilçisi ilə görüşməyə namizəddirlər.