Martın 29-u Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü çərçivəsində milli dialoqun yekunlarına dair konfrans başlayıb. Tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Rəsmi məlumata görə, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir: “Bu baxımdan BƏT-in “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də bu transformasiya dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir”.
Müslümov qeyd edib ki, son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb: “Səviyyəli sosial müdafiə ilə dünya əhalisinin cəmi 27%-i əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50%-dən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir. Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar”.
Dünyadakı işçi qüvvəsinin yarısının qeyri-formal çalışdığını diqqətə çatdıran nazir bildirib ki, qeyri-formal əmək bazarı təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş ölkələrdə də genişlənir: “Eləcə də hər il istehsalat qəzaları və peşə xəstəliklərindən 2,3 milyon işçi həyatını itirir, bundan işəgötürənlər, işçilər və sosial müdafiə sistemlərinə dəyən zərərin həcmi qlobal istehsalın 4%-nə bərabərdir. İnkişaf etmiş iqtisadiyyata malik əksər ölkələrdə səhhətinə və əlilliyinə görə işləməyi davam etdirə bilməyən əmək qabiliyyətli yaşda olan şəxslərin sayı hazırda işsizlərin sayını ötüb keçir. Hazırda dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən var”.
Müslümov qeyd edib ki, bütün dünyada əmək sferasında təkcə gender səbəblərinə görə deyil, həm də etnik mənsubiyyətə, dini inanca və əlilliyə görə dərin kök salmış diskriminasiya müşahidə olunur: “Belə bir şəraitdə əməyin gələcəyi haqqında müzakirələr aparmaq və hökumətlərin düzgün qərarlar qəbul etməsi üçün onlara lazımı məsləhətlər vermək istiqamətində BƏT-in atdığı addımları alqışlayırıq”.
Nazir vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir: “2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib. Lakin 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylini göstərir. 1990-ci ildən ümumi demoqrafik yük əmsalı 1,7 dəfə azalaraq 2016-cı ilin əvvəlinə 15-64 yaşda hər 100 nəfərə düşən himayədə (0-14 və 65+ yaş qruplarında) olanların sayı 40 nəfərə çatıb”.
Nazir diqqətə çatdırıb ki, son illərdə müşahidə olunan demoqrafik meyllərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək: “Proqnozlara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənir. Bununla yanaşı əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması, 15-64 yaş qrupunda 5 faiz, 65 və yuxarı yaşlarda əhalinin sayının isə 3,5 dəfəyədək artması proqnozlaşdırılır. Beləliklə, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını sərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişiklikləri zəruri edəcək. Azərbaycan hökuməti pensiya qanunvericiliyində edilən dəyişiklərlə artıq bu prosesə start verib”.