AZƏRTAC prezident İlham Əliyevin martın 28-i Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışını yayıb. Dövlət başçısı giriş nitqində deyib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var: “Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Statistikaya nəzər salsaq görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton – 1 milyon tona qədər pambıq tədarük edilirdi.
Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdu. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri idi ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi.
Bir daha qeyd etmək istəyirəm ki, pambıqçılığın ənənələri böyükdür. Əfsuslar olsun ki, ulu öndər Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ilə diqqət azalırdı, ildən-ilə pambıq sahələri kiçilirdi və bu proses son illərə qədər davam edirdi”.
Prezident deyib ki, 1996-cı ildən sonra Azərbaycanda hər il iqtisadi inkişaf başlayıb: “Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişik. Bunun bir neçə səbəbi var. Birinci səbəb – əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik.
Digər tərəfdən biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan – Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni böyük bir asılılıq mövcud idi.
Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artıb və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır.
Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər – pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi.
Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülüb. Yəni bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.
Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.
Bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Kompleks tədbirlər görülüb. İlk növbədə biz özümüzü texnika ilə təmin etməliyik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilib. Bu il 200-dən çox müasir kombayn sifariş verilib”.
Dövlət başçısı qeyd edib ki, pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var: “Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.
Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.
Dövlət başçısı Azərbaycanda sabitliyin təmin olunduğunu vurğulayıb: “Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk – ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir”.