2013-cü ilin noyabr ayında Ukraynada hakimiyyət Avropa İttifaqı ilə inteqrasiya kursundan imtina edərək Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bunun ardınca başlayan xalq hərəkatı 2014-cü ilin fevralında üsyana çevrildi və hakimiyyət dəyişdi, Rusiyaya bağlı qüvvələri Qərbə yaxın qüvvələr əvəzlədi.
Rusiya cavab aksiyası kimi Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq 2014-cü ilin martında özünə birləşdirdi və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal etdi.
Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ölkə ərazisinin 7,2%-i işğal olunub, dövlət sərhədinin 409,7 kilometrinə nəzarət itirilib. Donbas bölgəsində silahlı münaqişə ərzində 10 minə yaxın adam həlak olub.
Rusiyanın təcavüzü Qərbin sanksiyalarına, beynəlxalq münasibətlərdə gərginliyə səbəb oldu. Ukrayna isə Avropa İttifaqı ilə sıx inteqrasiya kursu götürərək Rusiyanın təsir dairəsindən xeyli uzaqlaşıb. Son üç ildə gedən proseslər nə ilə nəticələnə bilər?
Novator.az-ın sualına politoloq Şahin Cəfərli cavab verib: “Ukrayna üçün artıq geriyə yol yoxdur. O, tutduğu yolda bütün məhrumiyyətlərə rəğmən irəliləməyə məhkumdur. Belə fikirlərə çox rast gəlirik ki, 2014-cü il inqilabı Ukraynaya çox böyük zərər vurdu, bu hərəkata ehtiyac yox idi. Yaxud belə fikirlər eşidirik ki, ukraynalılar başlarına bu faciələrin gələcəyini bilsəydilər, inqilab etməzdilər. Bu fikirlərə qatılmıram.
Düzdür, Ukrayna böyük ərazi itkilərinə, maddi itkilərə və insan itkilərinə məruz qalıb, Krımı itirib, Donbasda aqressiv separatizmlə üzləşib və Rusiya kimi bir nəhənglə müharibə vəziyyətindədir. Müharibənin nə zaman bitəcəyi qeyri-müəyyəndir və bu durum Ukraynanın enerjisini alır, onun inkişafını ləngidir.
Eyni zamanda ölkənin təhlükəsizliyi üçün ciddi risklər davam edir, Rusiyanın cəbhədə separatçıların əli ilə yenidən hərbi əməliyyatlara rəvac verməyəcəyinə, eləcə də bütün sərhəd boyu Ukraynaya genişmiqyaslı hücuma başlamayacağına heç bir təminat yoxdur. Bütün bunlar öz yerində.
Lakin 2014-cü il inqilabı bir zərurət idi. İnqilab niyə baş verdi? Çünki prezident Viktor Yanukoviç Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan imtina etdi. Bu, sıradan bir qərar deyildi və Ukraynanın Avrasiya İttifaqına – Rusiya boyunduruğuna istiqamətlənməsi kimi radikal kurs dəyişikliyini ehtiva edirdi. Ukraynalılar Yanukoviç dövründə hər cür çətinliyə – yoxsulluğa, oliqarxların ağalıq etməsinə, korrupsiyaya, qanunsuzluğa dözdülər. Amma vətənə xəyanət mənasına gələn addımlar – strateji inkişaf kursunun dəyişməsi və yenidən keçmişə qayıdış insanların səbrini daşırdı. Xalq hərəkatının gülləbaran edilməsi və 100-dən çox insanın ölümü də xalqı qorxutmadı və üsyan baş tutdu.
Sosial şəbəkələrdə ukraynalıların əhval-ruhiyyəsini mütəmadi izləyirəm, hələ onlardan heç birinin 2014-cü il inqilabına görə peşmançılıq keçirdiyini görməmişəm. Sadəcə olaraq onlar hazırkı siyasətçilər nəslindən narazıdırlar. Çünki bu siyasətçilər əvvəlki oliqarxik-korrupsiya düzəninin yetirməsidir və əhalinin gözlədiyi radikal islahatları apara bilmirlər, yaxud aparmaq istəmirlər.
Lakin bütün çətinliklərə rəğmən nailiyyətlər də var. Məsələn, Krım hadisələri başlayarkən məlum olmuşdu ki, Ukrayna ordusu yalnız kağız üzərində mövcuddur. O vaxt Ali Radanın sədri və prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov müdafiə nazirindən ordunun durumuna dair raport istəmişdi. Nazir raport vermişdi ki, cəmi 6 min döyüş qabiliyyətli və təchizatlı əsgər var. Bu, əsl faciə idi.
Ölkənin Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi sistemi də faktiki olaraq çökmüşdü. Təsadüfi deyil ki, inqilab baş verdikdən sonra müdafiə naziri, daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin direktoru Rusiyaya qaçdılar. Bu fakt bariz şəkildə sübut edir ki, Ukraynanın güc strukturlarına Rusiyanın adamları rəhbərlik edirmiş. Təkcə bu faktın özü inqilabın haqlılığını ortaya qoyur. Əgər ölkənin rəhbərliyi başqa bir dövlətə satılıbsa, öz xalqına deyil, xarici dövlətə xidmət edirsə, xalqın üsyana qalxmaqdan başqa yolu qalırmı?
Yeni rəhbərlik qısa müddətdə güc strukturlarını yenidən qurdu. Bu gün 250 min nəfərlik ordu və 50 min nəfərlik Milli Qvardiya var. Təhlükəsizlik Xidmətinə vətənpərvər kadrlar rəhbərlik edir və onlar ötən müddətdə çoxlu terror aktının qarşısını alaraq xeyli Rusiya casusunu ifşa ediblər.
Digər nailiyyət kimi iqtisadi tənəzzülün dayandırılmasını və yavaş templə də olsa iqtisadi artımın başlamasını göstərmək olar. Ölkə xarici siyasət və diplomatiya sahəsində də uğurlara nail olub, bu gün bütün mütərəqqi dünya Ukraynanı dəstəkləyir. Bu ilin yay aylarında Ukrayna vətəndaşları Şengen zonasına vizasız gediş-gəliş hüququ əldə edəcəklər, bu isə tarixi əhəmiyyətli hadisə olacaq.
İnqilabın ən əsas nəticəsi odur ki, Ukraynada demokratikləşmə prosesi artıq dönməz xarakter alıb. Yerli hakimiyyət orqanlarından tutmuş parlamentə, prezidentə qədər bütün hakimiyyət strukturları xalqın seçimi əsasında formalaşır. Bu, çox mühüm, tarixi əhəmiyyətli nailiyyətdir.
Donbasdakı münaqişə əvvəl-axır həll olunacaq və Ukrayna dövlətinin o ərazidə suverenliyi bərpa ediləcək. Buna heç bir şübhə yoxdur. Krımın qayıdışı isə bir az uzun çəkə bilər. Mən Ukraynanın doğru yolda olduğunu düşünürəm və gələcəyini parlaq görürəm”.