Azərbaycan İslam Partiyasının lideri, Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir. Müdafiəçi Mövsüm Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona münasibəti ilə əlaqədar Beynəlxalq Qızıl Xaş Komitəsinin Azərbaycan nümayəndəliyinə, Ombudsman Aparatına və Penitensiar Xidmət üzrə İctimai Komitəyə müraciət edib.
Martın 27-də cəzaçəkmə müəssisəsində Mövsüm Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini öyrənib. Yalçın İmanov “Azadlıq” radiosuna məsələ ilə bağlı bunları deyib: “Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük karserə (cərimə kamerası) salıblar. Əsas kimi isə onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini karserdə keçirib.
Martın 20-də qonşu karser otağına yaşlı bir məhbusu gətirib döyüblər. Deyir elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa bayram günü belə eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub”.
Yalçın İmanov deyir ki, Mövsüm Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi üstündə axtarış aparılmasına etiraz etməsi göstərilib. Mövsüm Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə karserə salınıb. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub, qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb. Vəkil onun səhhətində də ciddi problemlərin olduğunu, daim açıq havada gəzməli olduğunu vurğulayır.
Yalçın İmanov 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rauf Məmmədovla görüşərək hüquqlarını müdafiə etdiyi şəxsə qarşı belə münasibətin səbəbləri ilə maraqlanıb. Vəkil deyir ki, müəssisə rəisi onun özünü də ittiham edib: “Rauf Məmmədov gizlətmədi ki, ardıcıl cəzaların məqsədi Mövsüm Səmədovu yenidən Qobustan həbsxanasına qaytarmaqdır. Ona qarşı münasibəti isə belə izah etdi ki, Mövsüm Səmədov Azərbaycan dövlətini sevmir, buna görə də onun cəzalandırılması tamamilə qanunidir, əsaslıdır. Onun fikrincə, nəinki Mövsüm Səmədov, hətta onun vəkili olaraq mən də Azərbaycan dövlətini sevmirəm. Hüquqlarını müdafiə etdiyim şəxsin kamera tipli otağa keçirilməsinin qanunsuz olduğunu iddia edirəmsə, deməli, mən Azərbaycan dövlətini sevmirəmmiş. Yəni mənim haqqımda belə bir gülməli, ağlagəlməz iddiada bulundu”.
Vəkil yerli və beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə müraciət edərək onları 12 saylı Cəzaçəkmə Müəssisəsinə gedib Mövsüm Səmədovla görüşməyə çağırır.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü ildə Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Mövsüm Səmədov Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı il noyabrın 28-də qaytarılıb.