2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatına qatılacaq 32 milli komandanın 31-i seçmə mərhələdən gəlməlidir.
Novator.az bildirir ki, Avropada 13 vəsiqə uğrunda mübarizə 9 qrupda gedir. Qrup qalibləri finala birbaşa vəsiqə alacaq, ikinci yeri tutan komandalardan 8-i qalan vəsiqələr üçün əlavə oyunlar keçirəcək.
Hazırda A qrupunda Fransa 13 xalla birinci, İsveç 10 xalla ikinci pilləni tutur.
B qrupunda İsveçrə 15 xalla öndədir, onu 12 xalla Portuqaliya təqib edir.
C qrupunda lider Almaniyanın 15, ikinci yerdə gedən Şimali İrlandiyanın 10 xalı var.
D qrupunda ilk iki pillənin sahibləri Serbiya və İrlandiya 11 xal toplayıb.
E qrupunda Polşa 13 xalla birincidir. Monteneqro və Danimarkanın 7 xalı var.
F qrupunda 13 xalla İngiltərə liderlik edir. İkinci pillədə dayanan Slovakiya 9 xal toplayıb.
G qrupunda liderlər İspaniya və İtaliya 13 xal yığıblar.
H qrupunda Belçika 13 xalla birinci, Yunanıstan 11 xalla ikincidir.
İ qrupunda Xorvatiya 13 xalla öndədir. İslandiyanın 10 xalı var. Ukrayna və Türkiyə 8 xala sahibdirlər.
Novator.az digər zonalar üzrə duruma da nəzər salıb.
Asiya zonasında 12 komanda 2 qrupda yarışır. Hazırda A qrupunda İran 14 xalla liderdir. Cənubi Koreya 10 xalla ikinci, Özbəkistan 9 xalla üçüncü pillədədir.
B qrupunda Səudiyyə Ərəbistanı və Yaponiya 13 xalla önə çıxıb. Onları 10 xalla Avstraliya təqib edir.
Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanacaq. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.
Şimali və Mərkəzi Amerika zonasında 6 komanda 1 qrupda yarışır. Dünya çempionatına birbaşa çıxmaq hüququ verən ilk üç pillədə Meksika (7 xal), Kosta Rika (6 xal) və Panama (4 xal) dayanır. ABŞ, Trinidad və Tobaqo, Honduras hərəyə 3 xal yığıblar və Asiya zonasının təmsilçisi ilə görüşməyə namizəddirlər.
Okeaniya zonasında 6 komanda 2 qrupda mübarizə aparır. A qrupuna 7 xalla Yeni Zelandiya liderlik edir. B qrupunda lider Taitinin 6 xalı var.
Qrup qalibləri öz aralarında görüşdükdən sonra dünya çempionatına vəsiqə üçün Cənubi Amerika təmsilçisi ilə yarışmalıdır.
Cənubi Amerika zonasında 4 vəsiqə uğrunda 10 komanda yarışır. Hazırda ilk dörd pilləni Braziliya (30 xal), Uruqvay (23 xal), Argentina (22 xal), Kolumbiya (21 xal) tutur. Ekvador və Çili 20 xalla beşinci-altıncı yerləri bölüşürlər. Beşinci yer Okeaniya zonasının qalibi ilə üz-üzə gəlmək imkanı verir.
Afrika zonasında 20 komanda 5 qrupda mübarizə aparır. Dünya çempionatına qrup qalibləri vəsiqə alacaq. Hazırda A qrupunda Konqo Demokratik Respublikası və Tunis, B qrupunda Nigeriya, C qrupunda Fil Dişi Sahili, D qrupunda Burkina-Faso və Cənubi Afrika Respublikası, E qrupunda Misir öndədir.