2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.
Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, Ümumdünya Turizm və Səyahət Şurasının (WTTC) mart hesabatında belə yazılır. WTTC-nin proqnozuna görə, 2017-ci ildə turizmin ÜDM-ə birbaşa təsiri güclənəcək və 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 4 milyard 581,9 milyon manata (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 faiz göstəricisinə çatacaq.
WTTC-nin hesabatına əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla) Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar) qədər olub. Bu göstəricinin 2017-ci ildə 8 milyard 622,8 milyon manatadək artacağı gözlənir.
Qurum qeyd edir ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 faizi qədər olub.
2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manata (2 milyard 863 milyon dollar) yüksəlib. “Visitor Exports” göstəricisi əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir. Proqnoza görə, 2017-ci ildə bu göstərici 8,1 faiz artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 faiz artacaq. 10 ildən sonra ölkəyə 4 milyon 254 min turist səfər edəcək, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.
Hesabatda qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulub. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2 faiz, qarşıdakı 10 ildə isə 4,9 faiz artaraq 825,1 milyon manata çatacaq.