Martın 17-də baş nazir Artur Rasizadə Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir: “Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib”.
Artur Rasizadə hesabatında qeyd edib ki, ölkənin maliyyə-bank sektorunda müşahidə olunan çətinliklərə görə 2016-cı ili mürəkkəb il kimi xarakterizə etmək olar: “Vəziyyəti nəzərə alan prezident İlham Əliyev maliyyə sektorunda idarəçiliyin təkmilləşdirilməsi və iqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaratdı. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılıb və onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb. Aidiyyəti dövlət orqanları həmin planın icrasına başlayıb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxarıb və 2016-cı ili ümumilikdə müsbət nəticələrlə yekunlaşdırmağa imkan verib”.
Baş nazir 2016-cı ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsalın 5 faiz artdığını deyib. O, qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyasının əsas götürüldüyünü vurğulayıb: “Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı da fəaliyyət göstərir. Ötən il 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb”.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərə toxunan baş nazir bildirib ki, bu işlər nəticəsində mövcud istehsal 2,6 faiz artıb. Artur Rasizadənin sözlərinə görə, əsas kapitala yönəldilən 15 milyard manatdan çox vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.
Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsinin davam etdirildiyini deyən baş nazir bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılıb: “Müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən çox müəllimin 70 faizindən çoxu kənd məktəblərinə göndərilib. İlk peşə ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb”.
Baş nazir qeyd edib ki, səhiyyə sisteminin müasir avadanlıqla təmin edilməsi yaxın keçmişdə aparılması mümkün olmayan bir sıra cərrahiyyə əməliyyatlarının uğurla həyata keçirilməsini mümkün edib: “Ötən il icbari tibbi sığortanın tətbiq edilməsi məqsədilə müvafiq dövlət agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrin icrasına başlanıb”.
AZƏRTAC-ın məlumatına görə, Artur Rasizadə deyib ki, son 13 ildə ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sektoru sahəsinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb.
Baş nazir qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib: “1 milyon 677 min yeni iş yeri yaradılıb. Üç min məktəb, 600 xəstəxana, 400-dən çox turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib”.