Bu ilin yanvar-fevral aylarında iki dəfə ölkədən qanunsuz yolla zəli (“Hirudo Medicinolis”) çıxarılmasının qarşısı alınıb. Ümumilikdə 69 min zəli ölkədən çıxarılarkən gömrükdə müsadirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Novator.az-a bildiriblər ki, yanvarın 17-də Astara Gömrük İdarəsi qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması nəzərdə tutulan 29 min ədədədək zəlini müsadirə edib. Ancaq nazirlik bildirir ki, Astara Gömrük İdarəsi bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmədən həmin zəliləri müvəqqəti saxlanılması üçün Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna verib: “Halbuki Cinayət-Prosessual Məcəlləsinin 131.2-ci bəndində göstərilir ki, “Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir”. “Heyvanlar aləmi haqqında” qanunun 38-ci maddəsinə görə də “Müvafiq icra hakimiyyəti orqanlarının (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin) razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir”.
Lakin müsadirə edilən zəlilərin hətta müvəqqəti saxlanca verilməsi məqsədilə belə, qanunla vəhşi təbiət üzərində sərəncamverici orqan olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması təmin edilməyib.
Müsadirə olunmuş zəlilərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməsi üçün guya nazirliyə müraciət olunması barədə yayılmış xəbərlərin isə əsası yoxdur. Məsələ ilə bağlı nazirlikdə daxili araşdırma aparılıb və bu məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib”.
Nazirlik daha sonra bildirir ki, qanunvericiliyin tələblərinin pozulmasına yol verdiyinə görə günahkarlara qarşı cərimə-cəza tədbirləri tətbiq olunub: “Fevral ayının sonlarında 40 min ədəd zəlinin yenidən ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınaraq müsadirə olunub və yenidən qanunsuz olaraq Zoologiya İnstitutu tərəfindən Mingəçevirdəki sututarlarında yerləşdirilib.
Bununla bağlı məsələ aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və 14 mart 2017-ci il tarixində zəlilərin bir qisminin vəhşi təbiətə (Şirvan Milli Parkı ərazisində yerləşən Qızılqaz gölünə) buraxılması, digər qisminin isə nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilməsi qərara alınıb. Qərar icra olunur. Belə halların təkrarlanmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür”.
Nazirliyin açıqlamasına görə, martın 15-də 29 min ədəd zəli KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.
Nazirlik vurğulayır ki, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.
40 min ədəd zəli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.