Prezident İlham Əliyev martın 14-ü Parisdə rəsmən qarşılanıb. Mərasim Veteranlar meydanında yerləşən Ordu Muzeyində keçirilib. Dövlət başçısı burada Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Folla görüşüb.
Sonra prezident Fransa Senatının sədri Jerar Larşe və Fransa Milli Assambleyasının sədri Klod Bartolonla bir araya gəlib.
AZƏRTAC-ın məlumatına görə, həmin gün Yelisey sarayında İlham Əliyevin Fransa prezidenti Fransua Olandla görüşü olub. Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpa olunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonra bu sənədlər imzalanıb: “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”; “Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”; “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu”.
İmza mərasimindən sonra İlham Əliyev və Fransua Oland mətbuata bəyanatlarla çıxış ediblər.
Fransua Oland deyib ki, Azərbaycanla Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var: “Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq.
İqtisadi kontekstdə isə deyə bilərəm ki, bizim şirkətlər Azərbaycanda fəaliyyət göstərir. Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales İnternational” şirkəti ilə.
Biz ətraf mühit sahəsində də əməkdaşlıq imkanlarından danışdıq. Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemi həll etmək lazımdır – infrastruktur, bərpa olunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə.
Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycanla Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin”.
Fransa prezidenti Azərbaycanla Avropa İttifaqı arasında danışıqların başlanmasına toxunub: “Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir”.
Dağlıq Qarabağ məsələsindən danışan Fransa prezidenti deyib: “Mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər – ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür”.
İlham Əliyev deyib ki, iki ölkə arasında inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub: “Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir.
Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsus ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu.
Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilib. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meylli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Olandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri – Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.
Həmin gün Fransua Olandın adından İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib. Dövlət başçıları şam yeməyində çıxış ediblər.
Fransua Oland deyib ki, Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyıb, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub: “Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi Azərbaycan Demokratik Respublikası mövcud olub və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələrdən olub”.
Fransa prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb: “Danışıqlar artıq 23 ildir davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyiblər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb.
Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sərkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: bu münaqişə hərbi yolla həll edilə bilməz. Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır”.
İlham Əliyev deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilib, etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi bu barədə dəfələrlə bəyanatlar verib. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”.