Martın 15-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktor Karl Kulessa ilə görüşüb. Rəsmi məlumata görə, Müslümov deyib ki, 2003-cü ilin əvvəli ilə müqayisədə əhalinin sayı 18,6 faiz artaraq 8 milyon 269,2 min nəfərdən cari ilin əvvəlinə 9 milyon 810 min nəfərə çatıb: “Təkcə son üç ildə ölkədə doğulanların sayı 500 min nəfərə yaxın olmaqla bu dövrdə ölənlərin sayından (166 993 nəfər) təqribən 3 dəfə çox olub. Bu da ölkədə əhali artımında təbii artımın əsas rol oynadığını göstərir.
Eyni zamanda miqrasiya artımının da əhalinin sayının ümumi artımında rolu güclənir. Bu göstərici ildən-ilə artır, misal üçün, miqrasiya artımı 2014-cü ildə əhalinin ümumi artımının 0,9 faizini təşkil etdiyi halda 2015-ci ildə 1 faizə, 2016-cı ildə 1,4 faizə yüksəlib. Ümumilikdə son 10 ildə, yəni 2006-2016-cı illərdə miqrasiya saldosu mənfi 0,4 min nəfərdən müsbət 1,5 min nəfərə çatıb”.
Demoqrafik müstəvidə müşahidə olunan digər pozitiv meylləri də diqqətə çatdıran nazir müsbət məqamlardan biri kimi doğulan uşaqların sayında gender disbalansının tədricən zəifləməkdə olduğunu bildirib: “Son iki ildə doğulanlar arasında qız uşaqlarının sayında müəyyən artım müşahidə olunur. Misal üçün, 2013-2014-cü illərdə doğulanların 46,4 faizi qız uşaqları idisə, 2015-2016-cı illərdə bu göstərici 46,8 faizə yüksəlib. Bu, müsbət tendensiya olsa da, ölkədə doğulan uşaqların cins nisbətinin pozulması problem olaraq qalmaqda davam edir”.