Prezident İlham Əliyev martın 13-ü Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb. Dövlət başçısı yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə edib, bunun iqtisadi əlaqələrə töhfə verdiyini bildirib. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiya yatırıldığını diqqətə çatdırıb.
Prezident vurğulayıb ki, fransız şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır, çünki Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var. Fransız şirkətlərinin Azərbaycanla əlaqələrinin coğrafiyasının geniş olduğunu deyən dövlət başçısı bir neçə il əvvəl kosmik ailənin üzvü olan ölkənin bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində mümkün olduğunu bildirib. Kənd təsərrüfatı sahəsində də fransız şirkətləri ilə yaxşı əməkdaşlığın olduğunu deyən İlham Əliyev Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, iki ölkə arasında təhsil sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Son illər ölkədə dərin uğurlu iqtisadi islahatların aparıldığını bildirən dövlət başçısı neftdən asılılığın azaldılması, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü qeyd edib. Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etdiyini, iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı irimiqyaslı layihələrin icra edildiyini deyən dövlət başçısı münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun da işğal olunduğunu diqqətə çatdırıb.
Prezident ölkənin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Hazırda iqtisadiyyata investisiya axınının davam etdiyini deyən İlham Əliyev fransız şirkətlərini əməkdaşlığa dəvət edib və bunun üçün bir çox sahələrin olduğunu diqqətə çatdırıb.
Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən də danışan dövlət başçısı Avropada həyata keçirilən ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider olduğunu bildirib. Prezident bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğulayıb. İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu deyib, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışıb, Bakıda dəniz limanının tikildiyini bildirib.
Görüşdə dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpa olunan enerji və digər sahələrdə Azərbaycanla çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahələrdə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında anlaşma memorandumu imzalanıb.