Mərkəzi Bank İdarə Heyətinin 10 mart iclası ilə bağlı məlumat yayıb. Bildirilir ki, iclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişi müzakirə edilib: “Müzakirələrdə 2017-ci ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neftin qiymətinin artması, orta aylıq qeyri-neft idxalının əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən azalması və nəticədə tədiyyə balansının cari hesabında tarazlaşma meyllərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edən amil kimi qeyd olunub.
Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, o cümlədən Maliyyə Sabitliyi Şurasının təsdiq etdiyi tədbirlər planının icrası da müsbət nəticələr verir. Qəbul edilmiş pul proqramına uyğun olaraq pul kütləsinin effektiv idarə olunması, pul və fiskal siyasətlərin sıx əlaqələndirilməsi, valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş kompleks tədbirlər inflyasiya risklərinin çevik tənzimlənməsinə imkan verib. Mərkəzi Bankın genişmiqyaslı sterilizasiya əməliyyatları pul siyasətinin yeni lövbəri olan pul bazasının həcmini optimallaşdırıb.
Görülən tədbirlər və müşahidə edilən müsbət proseslər daha çevik məzənnə rejiminə keçid üçün əlverişli şərait yaradıb. Mərkəzi Bank məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul edib. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına tarazlaşdırıcı təsir göstərib. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunub, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirib.
Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunub. Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranıb.
Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul edib”.
Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 2015-ci il iyulun 13-dən Mərkəzi Bank uçot dərəcəsini 3,5%-dən 3%-ə endirib. 3%-lik uçot dərəcəsi ötən il fevralın 15-dək qüvvədə olub. Həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5% müəyyən etmək barədə qərar çıxarıb. 2016-cı il martın 4-də uçot dərəcəsi 7%-ə, avqustun 8-də isə 9,5%-ə qaldırılıb.
Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı ildən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.