2017-ci ilə Azərbaycanın xarici borcunun (6,9 milyard ABŞ dolları) ümumi daxili məhsula (ÜDM) nisbəti 20,4 faiz olub. Bu, 10 il əvvəlki göstərici ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. 2007-ci il yanvarın 1-nə xarici borcun ÜDM-ə nisbəti 9,9 faiz idi. İki il əvvəlki rəsmi göstərici ilə müqayisədə isə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 2,4 dəfə artıb.
Novator.az xarici dövlət borcunun ÜDM-ə nisbətinin son illər necə dəyişməsinə nəzər salıb.
2011-ci ilə Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.
2012-ci ilə xarici dövlət borcunun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.
1 yanvar 2013-cü ilə borcun ÜDM-ə nisbəti 8,3 faiz olub.
Maliyyə Nazirliyinin 1 yanvar 2014-cü ilə olan hesabatına görə, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,2 faiz təşkil edib.
1 yanvar 2015-ci ilə borcun ÜDM-ə olan nisbəti 8,6 faiz göstərilib.
1 yanvar 2016-cı ilin hesabatına görə, xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 19,8 faiz olub.
Beynəlxalq Valyuta Fondunun meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-in 60 faizi, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40 faiz səviyyəsində tövsiyə olunur.