NASA-nın bir qrup alimi Marsa xüsusi hazırlanmış maqnit qalxan göndərməyi təklif edir. Məqsəd heç də ölü planet olmayan Marsda həyat mənbələrini araşdırmaq, gələcəkdə qırmızı planetin atmosfer vəziyyətini, su və okean mənbələrini bərpa etmək, həmçinin böyük ehtimalla Marsı Günəşin hücumundan qorumaqdır.
Maqnit qalxanın fəaliyyəti Günəş sistemində və planetlər arasında davamlı nizamı saxlamağa təkan verməklə yanaşı, qırmızı planet hesab edilən Marsın təbii ehtiyatlarını ekoloji deqradasiyadan da qoruya bilər.
Novator.az xəbər verir ki, alimlərin fikrincə, maqnit qalxanın gücü və kütləsi, eləcə də müasir texnoloji əsaslarla işləməsi Marsa xarakterik olan möhkəm və isti atmosferdə münbit əkin mühiti yaratmağa, suyun qatılıq həddini, temperaturu öyrənməyə imkan verə biləcək. Alimlər bu addımı gələcəyə, 2040-cı illərə hesablanmış və həmin illərdə kosmosun tədqiqi sahəsində elmə yenilik gətirəcək hazırlıq kimi qiymətləndirirlər.
Tədqiqatçılar deyirlər ki, Marsa enəcək maqnit qalxan bu planeti ekoloji çirklənmədən qoruyacaq. Onların fikrincə, müasir kosmos elmi Mars qalxanının timsalında bu ağır yükü götürməklə bir çox ehtimalı reallığa çevirə bilər. Maqnit qalxan Mars planetini böyük şüalanmadan və güclü günəş dalğasından (isti külək) qoruya bilər. Bu barədə daha geniş danışan NASA əməkdaşı, planetlərin tədqiqi şöbəsinin rəhbəri Cim Qrin yaxın illərdə reallığa çevriləcək maqnit qalxanın gələcəkdə çox vacib məsələlərə aydınlıq gətirəcəyini söyləyib. Alim həmçinin Yer planetinin oxşarı Marsın ən münbit planetlərdən biri olduğunu qeyd edib.
Alimlər təxminən 4 milyard il öncə Marsın daha çox Yer planetinə bənzədiyini söyləyirlər. Mars da qatı atmosferə və münbit su ehtiyatına, yumşaq iqlimə malik olub. Marsı bu gün əslinə çevirməyin mümkün olduğunu düşünən alimlər ruhdan düşmürlər. Tədqiqatçılar milyard il əvvəl həyat olmayan bir planetə çevrilmiş Marsın qədim zamanda “böyük qəzaya” uğramasının səbəbini kosmosda baş verən proseslərlə, həmçinin atmosfer qatının itməsi və su ehtiyatlarının tükənməsi ilə izah edirlər.
Alimlər müxtəlif zamanlarda Marsda bəzi isti və soyuq dəyişkənliyin baş verdiyini söyləməklə, bir zaman bu planetin də buz dövrünü yaşadığını, ardınca isə qızıl qumluqlar örtən qırmızı planetə çevrildiyini deyirlər.