Türkiyədə referendum: kim qüvvətli görünür?

737 0

Aprelin 16-sı Türkiyədə konstitusiyaya dəyişikliklər referendumu keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ideyası olan layihə prezidentin həm dövlət başçısı, həm də hökumət başçısı olmasını nəzərdə tutur. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur, prezident hökuməti sərbəst qura bilmək, partiya üzvü olmaq hüququ alır.

Parlament deputatlarının sayını 600-ə qaldırmaq təklif edilir. Bu qurumun səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.

Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.

Konstitusiya islahatı layihəsinə parlamentdə təmsil olunan qurumlardan Milliyyətçi Hərəkat Partiyası (MHP) dəstək verir. Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyası (HDP) isə konstitusiya islahatının əleyhinə çıxır.

Referendum kampaniyasının gedişi nə göstərir? Hansı tərəfin arqumentləri güc gəlir? Durumu şərh edən politoloq Şahin Cəfərli Novator.az-a deyib ki, referendum kampaniyası aparan tərəflərin imkanları kəskin fərqlidir: “Bir tərəfdə dövlətin bütün gücünə, sərhədsiz maliyyə resurslarına malik, inzibati resurslardan gen-bol faydalanan, medianın çox böyük hissəsini nəzarətində saxlayan prezident və hökumət var. Qarşı tərəfdə isə məhdud maliyyə imkanları ilə “yox” kampaniyası aparan, televiziyalarda çox az efir vaxtı əldə edən, daha çox sosial medianın imkanlarından yararlanmağa və səsini seçicilərə küçə aksiyalarında çatdırmağa çalışan müxalifəti görürük.

Son günlər isə bəzi müxaliflərə fiziki hücumlar başlayıb. Milliyyətçi Hərəkat Partiyasında indiki rəhbərliyə müxalifətdə olan və referenduma çıxarılan təkliflərin əleyhinə təşviqat aparan sabiq millət vəkili Sinan Oğan, millət vəkilləri Ümit Özdağ və Yusuf Halaçoğlu seçicilərlə görüş zamanı hücuma məruz qalıblar. Digər MHP-çi müxalif Maral Akşenerin seçicilərlə görüşü zamanı işıqlar söndürülüb.

CHP-li bələdiyyələrin nəzarət etdiyi şəhərlər istisna olmaqla yerlərdə görüş keçirmək üçün qapalı məkan tapmaq da müşkül məsələyə çevrilib. Bütün bunlar göstərir ki, tərəflər üçün bərabər təbliğat imkanı yaradılmayıb və müxalifətə qarşı ciddi basqı var. Üstəlik, ölkədə fövqəladə vəziyyət rejimi də davam edir.

Bununla belə, rəy sorğuları hakimiyyətin ürəyincə deyil. Sorğuların əksəri yox deyənlərin az da olsa çoxluq təşkil etdiyini göstərir. Əlbəttə, referenduma hələ var və bu durum iqtidarın xeyrinə dəyişə də bilər”.

Politoloq əlavə edib ki, ümumxalq səsverməsindən yox cavabının çıxması sürpriz olar və ölkədə siyasi təlatüm yarada bilər: “Bu halda müxalifət nəticələri prezidentə və hökumətə etimadsızlıq kimi qiymətləndirəcək və yəqin ki, erkən seçki tələb edəcək. Yox cavabının çıxması prezident Ərdoğana və hakim partiyaya sarsıdıcı zərbə olar”.

Qərbin referenduma çıxarılmış layihədən narazılığı nəticələrə təsir edə bilərmi? Şahin Cəfərli deyir ki, Avropa hökumətlərinin Türkiyədəki referendumla bağlı öz ərazilərində kütləvi təbliğat görüşlərinə icazə verməməsi əslində AKP-yə və prezident Ərdoğana sərf edir: “Çünki onlar özlərini məsum, zərərçəkən kimi göstərib xalqın simpatiyasını qazanmağı çox yaxşı bacarırlar. Ona görə düşünürəm ki, Avropa hökumətlərinin qərarları AKP-nin istər Avropada, istərsə də Türkiyədəki seçicilərini səfərbər edə bilər”.

Ədalət və İnkişaf Partiyası 2002-ci ildən Türkiyədə təkbaşına hakimiyyətdədir. Partiyanın qurucusu Rəcəb Teyyub Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub, 2014-cü ildən prezidentdir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id