İnternetə nəzarəti sərtləşdirən qanunlar qəbul olundu
Parlamentin 10 mart iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilib.
Novator.az-ın məlumatına görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklər layihəsində əsas anlayışların dairəsi genişlənib:
internet informasiya ehtiyatı – internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;
internet informasiya ehtiyatının sahibi – internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;
domen adı – internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;
domen adının sahibi – müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;
internet provayder – internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;
host provayder – internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;
domen adların milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adların inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;
domen adlarının qeydiyyatçısı – domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs.
Təklif olunan yeni maddələrə görə, internet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatını domen adının milli inzibatçısı və qeydiyyatçıları həyata keçirir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir.
“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Başqa bir yeniliyə əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə ad, soyad və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlamasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;
dövlət sirri təşkil edən məlumatlar;
odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama qaydası və üsulları barədə məlumatlar;
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;
pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;
intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;
təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.
Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür.
Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə xəbərdarlıq edir.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Müvafiq icra hakimiyyəti orqanı bu qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir.
İnternet informasiya ehtiyatının sahibi həmin məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün tədbirlər həyata keçirilir.
“Telekommunikasiya haqqında” qanunda dəyişikliklərlə bağlı layihə isə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu nəzərdə tutur.
İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.
İnternet telekommunikasiya xidməti göstərən operatorların, provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.