“Əminik ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar”. Novator.az-ın məlumatına görə, birinci vitse-prezident Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə belə deyib.
9 mart müşavirəsindəki çıxışında Mehriban Əliyeva qeyd edib ki, son illərdə bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub: “Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılıb. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb.
Görülən işlərlə yanaşı hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır.
Bununla yanaşı Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.
Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Təqdimata görə, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üçün prezident İlham Əliyev 2003-2017-ci illərdə 55 fərman və sərəncam verib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
Müşavirədə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış ediblər.
Mehriban Əliyeva müşavirəyə yekun vuraraq deyib ki, qarşıda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir: “Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir.
Bununla yanaşı Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları – Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq.
Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunub. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır.
Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir”.
Mehriban Əliyeva fevralın 21-də birinci vitse-prezident təyin edilib. O, 1964-cü ildə Bakıda doğulub. 1988-ci ildə 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirib. 1992-ci ilədək Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Heydər Əliyev Fondunun prezidentidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.