Martın 8-9-u Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) İdarə Heyətinin 36-cı iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə hökumət komissiyasının və çoxtərəfli qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclas zamanı Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar çıxarılıb. Şahmar Mövsümov bununla əlaqədar bəyanatla çıxış edib.
Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü sahəsində bir çox ilklərə imza atan ölkədir. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub.
İlk gündən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl edib və təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb.
Dövlət Neft Fondu 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb.
MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında irəli sürüb və bu qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib.
Astanadakı son toplantı zamanı MHŞT üzrə İdarə Heyəti 2015-ci ildə keçirilmiş qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib. MHŞT üzrə İdarə Heyətinin qərarına əsasən, Azərbaycanın namizəd ölkə statusu saxlanıb. İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək islahedici tədbirlər planını təqdim edib.
Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklərlə Azərbaycan islahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından – hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşmasının göstəricisi hesab edilə bilər.
2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulub və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm. Gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüs, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.