Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, 2003-cü illə müqayisədə məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb: “2017-ci il martın 1-nə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir”.
Novator.az-ın məlumatına görə, nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur: “40-44 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 53,4%-i qadınlarla bağlanıb.
Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,6%-i, ali təhsilli şəxslərin 48,4%-i, orta ixtisas təhsilli şəxslərin 61,2%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Təhsil, səhiyyə və sosial xidmət sahələrində əmək müqaviləsi bağlananların 76%-78%-i qadınların payına düşür”.
Müslümov bildirib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə 2016-cı ildə məşğulluğu təmin edilənlərin 21,4 faizi (12138 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 43,3 faizi (1604 nəfər) qadınlardır: “Özünüməşğulluq proqramında qadınların da iştirakına şərait yaradılır. Proqramda iştirak etmək üçün müraciət edən və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərdən təqribən 20 faizi qadınlardır”.
Nazir fərdi uçot sistemində qadınların fəal iştirakının müşahidə edildiyini vurğulayıb: “Martın 1-nə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 431 min 299 nəfərə çatıb, onlardan 1 milyon 389 min 689 nəfəri və ya 40,5 faizi qadınlardır. Ölkə üzrə əmək pensiyaçılarının 57,8 faizini, sosial müavinət və təqaüd alanların 41,5 faizini qadınlar təşkil edir”.