
Prezident İlham Əliyev martın 5-də İrana rəsmi səfər edib. O, Tehranın “Sədabad” sarayında İran prezidenti Həsən Ruhani ilə bir araya gəlib. Məhdud və geniş tərkibli görüşlərdən sonra iki sənəd imzalanıb: “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”; “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”.
AZƏRTAC xəbər verir ki, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Həsən Ruhani son üç ildə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: “Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycanla İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq. Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
İstər məhdud tərkibli, istərsə də geniş tərkibli görüşlərdə müzakirə etdiyimiz mövzular sırasında bu vacib məsələyə toxunduq ki, mövcud olan konvensiyalar, eləcə də sahilyanı beş ölkə arasında əldə olunan razılaşmalar həyata keçirilsin və Xəzər dənizinin ekosisteminin qorunmasında qazanılan uğurların şahidi olaq.
Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu məsələdə Azərbaycan və İran arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq önəm kəsb edir. Ötən illər ərzində biz bu məsələni müzakirə etmişik və bugünkü görüşlərimizdə də son nəticənin əldə olunması istiqamətində əməkdaşlığımızı davam etdirəcəyimizi bəyan etdik. Eyni zamanda Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlığımızı davam etdirməklə bağlı fikir mübadiləsi apardıq və hər iki ölkənin neft nazirləri bu məsələni uğurla nəticələnənə qədər diqqət mərkəzində saxlayacaqlar.
Bugünkü danışıqların mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı olub. Üçtərəfli əməkdaşlıq formatı – Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq.
Regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin – Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq”.
İlham Əliyev deyib ki, İran-Azərbaycan əlaqələri qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub: “Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İrana minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır.
İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalandı. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır.
Energetika sahəsində böyük uğurlar əldə edilib. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparıldı. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir”.
Martın 5-də Həsən Ruhaninin adından İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. Sonra İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb. Bununla da İlham Əliyevin rəsmi səfəri başa çatıb.