ABŞ Senatı prezident Donald Trampın təqdimatına baxaraq Rayan Zinkeni daxili işlər naziri postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, səsvermə martın 1-də keçirilib.
ABŞ-da Daxili İşlər Nazirliyi federal torpaq və təbii ehtiyatların böyük hissəsini idarə edir, hindular, Alyaskanın yerli sakinləri, yerli havaylılarla bağlı proqramlar, ada rayonlarında ərazi məsələləri ilə məşğul olur.
55 yaşlı respublikaçı Rayan Zinke ABŞ-ın Nümayəndələr Palatasında Montana ştatını təmsil edirdi. O, 1986-2008-ci illərdə ABŞ Hərbi Dəniz Donanmasının xüsusi təyinatlı qüvvələrində xidmət keçib.
ABŞ prezidenti Donald Trampın 10 naziri Senatda daha əvvəl təsdiq olunub: Reks Tillerson – dövlət katibi (xarici işlər naziri), Ceyms Mettis – müdafiə naziri, Con Kelli – daxili təhlükəsizlik naziri, Ceff Seşns – ədliyyə naziri (baş prokuror), Betsi Devos – təhsil naziri, Eleyn Lan Çao – nəqliyyat naziri, Tomas Prays – səhiyyə və sosial xidmətlər naziri, Stiven Mnuçin – maliyyə naziri, Devid Şulkin – veteranlarla iş naziri, Uilbur Ross – ticarət naziri.
Kənd təsərrüfatı naziri postuna Sonni Perdyu, tikinti və şəhər inkişafı naziri postuna Ben Karson, energetika naziri postuna Rik Perri namizəddir.
Əmək naziri postuna namizəd olan Endrü Puzder bu vəzifədən imtina edib. Hələlik yeni namizəd yoxdur.
Ağ ev aparatının başçısı Rayns Pribus, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo, Kiçik Biznes Administrasiyasının rəhbəri Linda Makmen, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi Skott Prüitt, İnzibati-Büdcə İdarəsinin direktoru Mik Malvani Senatın təsdiqindən keçiblər.
Ticarət Nümayəndəlikləri Ofisinin rəhbəri vəzifəsinə Robert Laytizer namizəd göstərilib.