“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”. Martın 1-i Pakistan İslam Respublikasının paytaxtı İslamabadda, İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən prezident İlham Əliyev belə deyib.
Çıxışında Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycanla Pakistanın qarşılıqlı etimad və dəstəyə arxalanan münasibətləri uğurla inkişaf edir: “Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmayıb. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır”.
Prezident deyib ki, təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir: “Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.
Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılıb. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olub. Min nəfərdən çox insan itkin düşüb. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanıyıb. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi və son olaraq 2016-cı ilin aprel ayında Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.