AZƏRTAC birinci vitse-prezident Mehriban Əliyevanın “Rossiya 24” kanalına müsahibəsinin mətnini yayıb.
Vəzifə öhdəlikləri – nə ilə məşğul olacağı barədə sualı Mehriban Əliyeva belə cavablandırıb: “Uzun illər ərzində mən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirəm. Bir neçə ildir ki, ölkəmizin 700 minə yaxın vətəndaşını birləşdirən ən böyük partiyanın – Yeni Azərbaycan Partiyasının sədr müaviniyəm. 12 ildən çoxdur ki, milli parlamentin deputatıyam. Yeri gəlmişkən, düşünürəm ki, fəaliyyətimin bu sahəsi gələcəkdə mənə çox kömək edəcək. Çünki bu, seçicilərlə, insanlarla ünsiyyətin, problemlərin həllinə necə nail olmağın, hər hansı bir problemin həlli yollarının tapılmasının böyük təcrübəsidir.
Bununla yanaşı 13 ildir ki, Heydər Əliyev Fonduna rəhbərlik edirəm. Bu, qeyri-hökumət təşkilatıdır. O, təkcə Azərbaycanda deyil, bütün regionda ən iri fonddur. Fondun fəaliyyəti o qədər əhatəlidir ki, biz bu illər ərzində ölkə miqyasında iri və mühüm layihələr həyata keçirmişik. Bu da çox böyük təcrübədir.
Təbii ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə bu mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram.
Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək. Əlbəttə ki, tamamilə yeni təsisatdır və mən bu vəzifənin, yaxud, bu vəzifəni tutan şəxsin əsas rolunu prezidentin komandasının üzvü və sadiq həmməsləki kimi görürəm. Konkret vəzifələri isə, əlbəttə, ölkə rəhbərliyi və cari məqamın tələbləri müəyyənləşdirəcək.
Yəqin ki, iş birmənalı daha çox olacaq. Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram”.
Jurnalist Mehriban Əliyevaya təyinatın əleyhinə çıxanlarla bağlı sual verib: “Sizin təyinatınızdan sonra ünvanınıza təbriklərlə yanaşı prezidentin bu qərarının tənqidi də olub. Azərbaycanın müxalifət axını bunun əleyhinə çıxış etdi. Onlar Əliyevləri prezident hakimiyyəti kursunu gücləndirməkdə ittiham etdilər. Oxşar bəyanatlar bəzi xarici dövlətlərdən də gəldi. Təyinatınızın tənqidçilərinə və əleyhdarlarına Siz nə cavab verərdiniz?”
Mehriban Əliyeva deyib ki, tənqidə tamamilə normal yanaşır: “Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var. Bu illər ərzində, təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yəqin bizdə artıq özünəməxsus immunitet yaranıb. Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə açığam və həssasam. Mən öz işimdə və fəaliyyətimdə təkmilləşməyə hazıram.
Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkənə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur, hansısa şəxsi xırda ambisiyalarına görə sən öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmağa hazırsan. Bax, bu, dəhşətlidir. Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum”.
Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi
Mehriban Əliyeva Təhlükəsizlik Şurasında təqdim olunub
Birinci vitse-prezident ölkənin ikinci şəxsi deməkdir
İlk xarici təbrik Ərdoğandan gəldi
Qadın bir dəfə də ikinci şəxs olub
“Prezidentin müəyyən etdiyi ardıcıllıq” nə deməkdir?
Vitse-prezident məsələsi: Qulamhüseyn Əlibəylinin şərhi
“Məni dəstəkləyəcək bir şəxsiyyət var”