Martın 1-i Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, sammiti prezident İlham Əliyev açıb.
Dövlət başçısı Azərbaycanın 2006-cı və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki sammitinə ev sahibliyi etdiyini deyib, təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətləri olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrini gücləndirdiyini vurğulayıb. O, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm beynəlxalq qurum hesab etdiyini, 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi ölkənin bu təsisatı gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.
İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident çıxışında Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını vurğulayıb, bunun əyani nümunəsi kimi Azərbaycanın ərazisinin 20 faizini işğal edən Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin ölkə üçün ağır nəticələrini, işğalçı Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasını ətraflı xarakterizə edən İlham Əliyev Pakistanın Xocalı soyqırımını rəsmi şəkildə tanıyan 10-dan çox dövlətdən biri olduğunu deyib.
Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini deyən dövlət başçısı ölkədə 2017-ci ilin islam həmrəyliyi ili elan edildiyini bildirib, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə uğurlar arzulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Qurumun üzvləri bu ölkələrdir: İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan.