Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi Vaşinqtonda, ABŞ Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbiri keçirib. Tədbirə ABŞ Konqresinin əməkdaşları, diplomatik korpusun üzvləri, Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin nümayəndələri qatılıblar. Mərasimi Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Mehriban Məmmədova aparıb.
Xocalı soyqırımı zamanı sağ qalmış azərbaycanlı, ABŞ-da təhsil alan tələbə Nərmin İbrahimova xatirələrini bölüşüb. O, Xocalı sakinlərinin sağ qalmaq uğrunda soyuq qış gecələrində meşədə ac-susuz keçirdiyi əzablı günlərdən bəhs edib, kütləvi qırğın zamanı yüzlərlə günahsız insanın həyatına faciəvi şəkildə son qoyulduğunu və bu dəhşətli hadisənin onun yaddaşında dərin izlər buraxdığını vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında bildirib ki, Xocalı soyqırımının yad edilməsi regionda sülhün tezliklə bərpa olunmasının vacibliyini gündəmə gətirir. Səfir Azərbaycan xalqının bu faciə ilə bağlı ədalət tələb etdiyini deyib.
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvü, Texas ştatından demokrat konqresmen Henri Kuellar çıxışında ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Xəbəri AZƏRTAC yayıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayı ilə birgə Azərbaycanın Xocalı şəhərini işğal edib. İşğal zamanı 613 nəfərin həyatına son qoyulub. 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib.