Ermənistan prezidenti Serj Sərkisyan fevralın 27-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla bir araya gəlib. Görüşdən sonra keçirilən brifinqdə Sərkisyan qeyd edib ki, Tuskla Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirə aparıb.
Novator.az-ın məlumatına görə, Sərkisyan deyib: “Ermənistan güzəştlərə hər nə qədər hazır olsa da, əsas məsələ Dağlıq Qarabağ xalqının öz gələcəyini azad iradə əsasında müəyyən etmək haqqıdır. Başqa yanaşma ola bilməz. Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqı yalnız beynəlxalq hüququn əsas müəyyənedici sənədləri ilə bəyan olunmayıb, vasitəçilərin – ATƏT-in Minsk qrupunun həmsədrlərinin çoxsaylı bəyanatlarında da əks edilərək tanınıb”.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun həndəvərindəki 7 rayon zəbt olunub. Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib.
Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.
1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.