Tez-tez mətbuatda qanunsuz ov etdiyinə görə saxlanılan şəxslər barədə məlumatlar verilir. Belə xəbərlərdən biri də bu günlərdə yayılıb: “Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb. Qasımbəyli kənd sakini Yusif Əhmədov rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub. Onun qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır”.
Maraqlıdır, qanunsuz ov anlayışına nə aiddir? Balaca quşlarmı, heyvanlarmı, yoxsa onların yumurtasını məhv etməkmi? Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə “Yeni Müsavat” qəzetinə açıqlamasında bu suallara cavab verib. O bildirib ki, qanunsuz ov dedikdə dövlətin müəyyənləşdirdiyi prosedurlara əməl etmədən həyata keçirilən ov nəzərdə tutulur: “Qanunvericilikdə müəyyən edilib ki, ilk növbədə vətəndaşın yivsiz odlu silahı olmalıdır. Odlu silah isə Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilməlidir. Daha sonra həmin şəxs imtahan verib ovçuluq bileti almalıdır. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi vaxtda, yerdə və müəyyən olunmuş növlərə (nəsli kəsilmək üzrə olan növlər, adı “Qırmızı kitab”a düşən, qadağan olunmuş növlər istisna olmaqla) ov icazəsi və dövlət rüsumu ödəyərək ov edə bilər. Bundan kənara çıxan istənilən hərəkət qanunsuz ovdur. Qanuni ovu həyata keçirməyən fəaliyyət, qanuna riayət etməyən şəxs qanunsuz ovçu sayılır”.
Hikmət Əlizadə quşun balalarını və yumurtalarını götürməyin də qanunsuz ov olduğunu bildirib: “Əgər ovçu quşun balalarını, yumurtalarını götürürsə, bu da qanunsuz ov hesab edilir. Vətəndaş icazə almadan ova gedibsə, bu da qanunsuz ovdur. Kimsə ov sahəsindən kənara çıxıb şəhərin ətrafında, içində, kəndin içində ov edirsə, qanunsuzluq edir. Qanunsuz ovun başqa şərtlərini də sadalamaq mümkündür. Qısaca olaraq onu demək olar ki, qanuni ov anlayışına zidd istənilən hərəkət qanunsuz ovdur. Yəni vətəndaş qanuni ov proseduruna əməl etmir və tüfəngini götürüb əraziyə çıxır. O, yumurta da yığa bilər, heyvan da vura bilər. Bu şəxs artıq qanunsuz ovçu sayılır”.
Normativə əsasən, yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici ölkələrin vətəndaşlarına 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunu ovlamaq icazəsi verilir. Yerli ovçu günə 1, əcnəbi ovçu 2 baş dovşan ovlaya bilər.
Hazırda ölkədə ən geniş yayılmış qanunsuz ov balıqçılıq sahəsindədir. İlin bütün fəsillərində, xüsusən də kürü mövsümündə neçə-neçə brakonyer suya elektrik cərəyanı buraxmaqla, zəhərli maddələr tökməklə balıq ovlayır.