İqtisadçı Rövşən Ağayev Azərbaycanın dövlət borcunun artdığını yazır. Novator.az-ın məlumatına görə, ekspert “Fitch” beynəlxalq reytinq agentliyinə istinadla bildirir ki, ölkənin xarici borcu 2016-cı ilin sonuna ümumi daxili məhsulun (ÜDM) 22,5 faizinə bərabər olub: “Son dövrlər hökumətin daxili borcları da sürətlə artır və məcmu dövlət borclarının ÜDM-də payı 35 faizə çatır. Xarici borclar 13 milyard manat, daxili borclar 7,5 milyard manatdır. Hələ nəzərə alaq ki, dövlət sektorunun hökumət zəmanəti olmadan aldığı borclar dövlət borcu statistikasına daxil edilmir.
Beynəlxalq Valyuta Fondunun meyarları baxımından dövlət borcu riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3 faizdən 12 faizədək yüksəlib.
Beynəlxalq Valyuta Fondunun meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-in 60 faizi, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40 faiz səviyyəsində tövsiyə olunur”.
Novator.az bildirir ki, Maliyyə Nazirliyi son dəfə Azərbaycanın 1 oktyabr 2016-cı ilə olan xarici dövlət borcunu açıqlayıb. Hesabata görə, xarici borc 7 milyard 650,7 milyon ABŞ dolları olub. 1 yanvar 2016-cı ilə olan rəsmi hesabata əsasən, xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dolları idi.