ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ) Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, fevralın 25-i səhər saatlarında qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan atəşkəs rejiminin ciddi şəkildə pozulması qeydə alınıb, çoxlu sayda meyit neytral zonada qalıb.
Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə, ağır silahlardan istifadəni dayandırmağa və ATƏT sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar, həmçinin tərəflərə güc tətbiq etməmək barədə öhdəliklərini xatırladıblar.
Müdafiə Nazirliyi bildirir ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstəriblər: “Qoşunlarımızın qarşı tərəfi daim izləməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilib, onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var”.
Nazirliyin başqa bir məlumatına görə, fevralın 25-də Azərbaycan mövqelərini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı məhv edilib, düşmən itkilərə məruz qalıb.
Fevralın 27-də yayılan rəsmi məlumatda isə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub.