ABŞ prezidenti Donald Trampın qızı İvanka və Ağ evdə baş müşavir postunu tutan kürəkəni Cared Kuşner dövlət başçısını ölkəni İqlimə dair Paris Sazişindən çıxarmaq ideyasından daşındırıb.
Novator.az-ın məlumatına görə, seçkiqabağı təşviqat zamanı Tramp İqlimə dair Paris Sazişinə yenidən baxmaq lazım olduğunu bəyan edib. O, ABŞ-ın bu beynəlxalq sazişdən çıxması haqda fərman imzalamağı planlaşdırırdı. Trampın fikrincə, sazişdəki öhdəliklər ABŞ-ın energetika sahəsinə mənfi təsir göstərir.
ABŞ mediası yazır ki, Kuşner cütlüyü Trampın Paris Sazişindən çıxmaqla bağlı fərmanının gündəmdən çıxmasında israr edib.
Ağ evin təmsilçisi Şon Spayser bu məlumatı təsdiqləməkdən imtina edib.
İqlimə dair Paris Sazişi 2015-ci ilin dekabr ayında BMT-nin iqlim dəyişikliyi məsələlərinə dair Çərçivə Konvensiyasının iştirakçısı olan ölkələrin konfransında qəbul edilib. Sazişin məqsədi atmosferə karbon qazı tullantılarını azaltmaq və ekoloji baxımdan sabit gələcəyə yol açmaqdır. Öhdəliyə görə, qlobal temperatur artımını selsi şkalası üzrə 1,5 dərəcə səviyyəsində saxlamaq vəd edilir.
Ötən il noyabrın 4-də İqlimə dair Paris Sazişi qüvvəyə minib. 90-dan çox ölkə, o cümlədən Azərbaycan Paris Sazişinin iştirakçısıdır.