Fevralın 23-dən kağız və plastik tullantıların toplanmasına, təkrar emal edilməsinə həsr olunmuş yeni layihəyə start verilib.
Layihəni tullantıların idarə edilməsi proqramı çərçivəsində İDEA İctimai Birliyi, Təhsil Nazirliyi və “Azersun” şirkəti birgə reallaşdırır.
Novator.az xəbər verir ki, İDEA İctimai Birliyi layihənin pilot fazası olaraq Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə 200 ədəd konteyner paylayıb.
Gələcəkdə kağız və plastik tullantılar üçün xüsusi qutular bütün ali və orta təhsil müəssisələrində yerləşdiriləcək.
Layihədə əsas məqsəd tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirmə aparmaq və təkrar emalın təbliğatı baxımından təbii sərvətlərin, ağacların qorunması, ekoloji balansın saxlanması yolunda gərəkli işlər görməkdir.
Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən diqqətli olmağı, yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu, çeşidləmənin düzgün aparılmasına riayət edilməsini istəyib.
İDEA İctimai Birliyi indiyədək apardığı layihələr çərçivəsində 600 tondan çox kağız tullantını toplayaraq təkrar emala göndərib.