Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib. Fevralın 24-də yayılan rəsmi məlumata görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclasda deyib ki, dünya praktikasında işsizlikdən sığorta sistemi ümumi sosial müdafiə sisteminin mühüm komponenti kimi qəbul olunur: “İşsizlikdən sığorta sistemi işləyən şəxslərin iş yerlərini və bununla gəlirlərini itirdikləri hallarda onların sosial müdafiəsinə, yəni itirilmiş gəlirlərinin kompensasiyasına xidmət edir. Bu sistemin hüquqi əsaslarının yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” qanun layihəsi hazırlayıb. Layihədə işsizlikdən icbari sığorta üzrə sığorta tariflərinin sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunanlar üçün əməkhaqqının və işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi miqdarında olması nəzərdə tutulur. Ümumi sığorta haqqı cəmi 1 faiz təşkil edir. Bu tarif dünya ölkələrindəki müvafiq tariflər üzrə ən aşağı səviyyədədir”.
Ölkədə əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinin həyata keçirildiyini qeyd edən Müslümov bu siyasətin əsas istiqamətlərindən birinin də işçilərin həyat və sağlamlığının mühafizəsinə yönəldiyini vurğulayıb: “Xüsusən də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərin belə istehsalat sahələrində onların sağlamlığı üçün xəstəlik riski yaradan amillərdən qorunması üçün əmək qanunvericiliyində profilaktik tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2015-ci ildə sənaye sahəsində çalışan muzdlu işçilərin 15 faizi, tikintidə çalışanların 4,1 faizi, nəqliyyat sahəsində çalışanların 10,4 faizi, rabitə sahəsində çalışanların 2,3 faizi əlverişsiz əmək şəraitində çalışanlar (yəni ağır və zərərli iş şəraitində işləyənlər) olublar. İqtisadiyyatın digər sahələrində əlverişsiz əmək şəraitində çalışanlar az olduğu üçün onlar statistik hesabatlarda göstərilmir”.
Müslümov qeyd edib ki, Əmək Məcəlləsinin tələbi olaraq işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı və onların tətbiqi qaydaları hazırlanıb: “Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Həmin maddədə o da bildirilir ki, müəssisənin mülkiyyətçisi və işəgötürəni əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər”.