Fevralın 24-ü Suraxanı Rayon Məhkəməsində bloqçu Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin qaldırdığı iddiaya ilkin baxış iclasına hakim Ceyhun Qədimov sədrlik edib.
“Azadlıq” radiosunun məlumatına görə, hazırlıq iclasında Mehman Hüseynovdan başqa yerə getməmək barədə iltizam alınıb. Məhkəmə baxışı fevralın 27-nə təyin olunub.
Musa Musayev Mehman Hüseynovu polisi ağır cinayətdə ittiham etməklə böhtan atmaqda günahkar bilir.
Novator.az xatırladır ki, yanvarın 9-da bloqçunun yaxınları bəyan ediblər ki, onu mülki geyimli şəxslər Bakının mərkəzində tutaraq maşına basıb naməlum istiqamətə aparıblar. Daxili İşlər Nazirliyinin açıqlamasında isə deyilib ki, yanvarın 9-u saat 19:45 radələrində post-patrul xidmətinin əməkdaşlarına paytaxtın Nəsimi rayonunun Mərdanov qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə məlumat verilib: “Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdiriblər.
Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da Təhməzov və Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Lakin Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib”.
Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.