Dünya alimləri 2050-ci ilin fəlakətlər dövrü olacağını dəfələrlə söyləyiblər. Novator.az-ın məlumatına görə, bu dəfə eyni fikir dünyada kənd təsərrüfatının vəziyyəti ilə bağlı BMT-nin İtaliyada keçirilən iclasında səslənib.
“Gələcəyin dünya kənd təsərrüfatı” adlanan Roma hesabatında 2050-ci ildə dünya əhalisinin sayının 10 milyard nəfər olacağı və bunca planet sakininin böyük ərzaq qıtlığı problemi ilə üz-üzə qalacağı deyilir.
Kənd təsərrüfatı sənayesi və kənd təsərrüfatı mallarının ixracı, vəziyyəti, eləcə də əkinlə bağlı məsələlərə toxunan iştirakçılar irəlidə gözlənən böyük fəlakətlərin qarşısını mümkün qədər almaq, planeti ərzaqla təmin edə bilmək üçün çıxış yolları arayıblar. Mütəxəssislər bildiriblər ki, təbiətdə baş verən anomal dəyişikliklər gələcəkdə ərzaq istehsalını, kənd təsərrüfatının istehsal gücünü 50 faiz azalda bilər.
Qeyd edilib ki, qarşıdan gələn onilliklərdə, xüsusən XXI əsrin ortasında dünyada təbii resurslar sahəsində ağır problemlər yaşanacaq, ekoloji və bioloji ahəng pozulacaq, ətraf mühit daha çox təzyiqə, müdaxilələrə məruz qalacaq. Bu isə taxıl əkininə marağı olduqca zəiflədə bilər.
Roma toplantısında əhali artımının insanların qida rasionunda xeyli dəyişikliyə səbəb olacağı, ət və meyvə ilə yanaşı xüsusi qablaşdırılmış ərzaqlara üstünlük veriləcəyi açıqlanıb. Mütəxəssislər ehtiyatlanırlar ki, bu, gələcəkdə taxıl əkilən sahələrin başlı-başına qalması ilə nəticələnə bilər.
Hesabata görə, təbii resurslara müdaxilə bəzi ərazilərdə yaşıl örtüyün deqradasiyasına gətirib çıxaracaq və istixanalardan həddən çox istifadə torpağın təbii vəziyyətinə ciddi zərər vuracaq. Yer üzündə yaşıl örtüyün bərpasının çətin olacağını söyləyənlər meşələrin çox hissəsinin məhv ediləcəyini proqnozlaşdırırlar.
Problemi müzakirə edənlərin fikrincə, planetdə yeraltı suların get-gedə tükənməsi bioloji müxtəlifliyin itdiyinə sübutdur.
Hesabatda deyilir ki, əhalinin çoxalması, süni ərzaqlara tələbatın artması, qida rasionunun tərkibinin dəyişməsi və iqlim dəyişkənliyi gələcəkdə atmosferin sürətlə çirklənməsinə yol açır, Yer üzünün təbii müqavimətini zəiflədir.
İqlim dəyişkənliyinin yaxşı heç nə vəd etmədiyi bir zamanda mütəxəssislər gələcək aclığın qarşısını almaq üçün indidən tədbirlər planı hazırlamağı məsləhət görürlər. 2030-cu ildə planetdə 600 milyondan çox insanın çirkli atmosfer altında, əkinsiz yurdlarda aclıq çəkəcəyi bildirilir. BMT-nin Roma yığıncağında səslənən bu hesabatda vəziyyətdən çıxmaq üçün müxtəlif təklif və tövsiyələr də təqdim edilib.