Şotlandiya parlamenti Xocalı soyqırımına siyasi qiymət verib. Milli Məclisin mətbuat xidməti bildirir ki, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya səfər ediblər. Səfər zamanı Şotlandiya parlamentində Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb, bu məqsədlə soyqırımının 25 illiyi ərəfəsində qətnamə mətni parlamentin saytında yerləşdirilib.
Məlumata görə, Şotlandiya parlamenti üzvlərinin əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə təklif olunan sənədin qəbuluna dəstək veriblər. Qətnamədə ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı pislənir, Xocalıda baş verən qanlı hadisələr Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı soyqırımı kimi tanınır.
Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı qətnamədə Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir.
Sənəddə BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxladığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə dəstək ifadə olunur.
Qətnamənin surətini Şotlandiya parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri fevralın 22-də Azərbaycan nümayəndə heyətinə təqdim edib. Tahir Tağızadə, Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olublar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayı ilə birgə Azərbaycanın Xocalı şəhərini işğal edib. İşğal zamanı 613 nəfərin həyatına son qoyulub. 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib.
Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini soyqırımı kimi tanıyıb.