Fevralın 21-də birinci vitse-prezident təyin olunan Mehriban Əliyeva müstəqillik bərpa olunandan bəri Azərbaycanda dövlət başçısından sonrakı ən yüksək vəzifəni tutan ikinci qadındır. Novator.az bildirir ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə parlamentin – Ali Sovetin sədri vəzifəsində Elmira Qafarova çalışıb.
Mərhum Elmira Qafarova 1992-ci il martın 5-dək Ali Sovetin sədri olub. O dövrün konstitusiyasına görə, Ali Sovetin sədri prezidentdən sonra ikinci ali vəzifə idi. İndiki ana qanunda prezidentdən sonra ikinci ali vəzifəli şəxs vitse-prezidentdir.
Hazırda Mehriban Əliyevadan sonra ən yüksək vəzifəli qadınlar Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri), Məleykə Abbaszadə (Dövlət İmtahan Mərkəzinin sədri) və Bahar Muradovadır (Milli Məclis sədrinin müavini).
Prezident Administrasiyasında 3 qadın yüksək statuslu vəzifə sahibidir. Dilarə Seyidzadə Prezident Katibliyinin rəhbəri, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin, Səadət Yusifova siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiridir.
Konstitusiya Məhkəməsinin sədr müavini postunu qadın – Sona Salmanova tutur.
Ombudsman postunda da qadın çalışır: Elmira Süleymanova.
Milli Məclisdə Bahar Muradova və vitse-prezident təyin edildiyi üçün mandatını təhvil verməli olan Mehriban Əliyeva ilə yanaşı daha 18 qadın var.