Bakı Mühəndislik Universitetinin statusu dəyişib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən universitet ötən il noyabrın 8-də prezident sərəncamı ilə yaradılıb. Sərəncamda qeyd olunub ki, universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığı, bu sahədə ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi, fundamental və tətbiqi elmi tədqiqatlarla məşğul olacaq.
Novator.az-ın məlumatına görə, fevralın 22-də dövlət başçısı İlham Əliyev 8 noyabr 2016-cı il sərəncamında dəyişiklikləri nəzərdə tutan fərman imzalayıb. Yeniliyə əsasən, Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs olur.
Publik hüquqi şəxsin rektorunu ölkə prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Prezident fərmanı ilə təsdiqlənən nizamnaməyə görə, universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
Universitetin fəaliyyətinə lisenziya “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara uyğun olaraq verilir.
Publik hüquqi şəxsin strukturuna filialları, nümayəndəlikləri, fakültələri, kafedraları, şöbələri, kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura və əlavə təhsil bölmələri, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman bazaları, studiyaları, konsert zalları, sərgi salonları, iaşə müəssisələri və digər bölmələr daxil edilir. Təhsil ocağı profilinə uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yarada bilər.
Universitetdə təhsil dövlət sifarişli və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi ölkə prezidentinin səlahiyyətindədir.
2015-ci ilin dekabrında “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib. Publik hüquqi şəxsin pullu xidmətlər göstərmək, özünü maliyyələşdirmək hüququ var. Onun əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.