Prezident İlham Əliyev ölkəyə turist axınının sürətləndirmək tədbirlərinə sərəncam verib. Novator.az-ın məlumatına görə, fevralın 20-də imzalanan sərəncamla Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə Rusiya, Türkiyə, İran və Gürcüstanla dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastruktur yaratmaq tapşırılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsi məqsədi ilə bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını təmin etməlidir.
Xarici İşlər Nazirliyinə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birlikdə İranla dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı danışıqlar apararaq tədbirlər görmək həvalə olunub.
Nazirlik eyni zamanda Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmalı; vizaların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə xarici ölkələrdəki bütün səfirliklər və konsulluqlarda quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini təmin etməlidir.
Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlarının mütəmadi olaraq müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakını təmin etməlidir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının ərazisindən ixracı qadağan edilmiş, milli mədəniyyət əmlakının dövlət siyahısına daxil olan mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı ilə bağlı mühafizə şəhadətnaməsinin verilməsi prosedurunun sadələşdirilməsi və müddətlərin optimallaşdırılması üçün müvafiq normativ hüquqi aktlarında dəyişiklik etmək tapşırılıb.