Bu ilin əvvəlindən bir sıra müxalif fəala və ya onların yaxınına inzibati həbs cəzası verilib. Novator.az həmin şəxslərin siyahısını təqdim edir. Siyahıda adı olanların bir qismi cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Rəhim Vəliyev – NİDA Vətəndaş Hərəkatının üzvü, yanvarın 16-da polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb.
Nicat Nizamov – AXCP üzvü, partiyanın Gənclər Komitəsinin fəalı, yanvarın 10-da polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası alıb.
İslam Həsənov – AXCP Şəki rayon şöbəsinin sədri, fevralın 7-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası alıb.
Samir Həsənov – AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri (İslam Həsənovun qardaşı), fevralın 8-də İnzibati Xətalar Məcəlləsinin 235-ci (radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması), 510-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası alıb.
Taleh İsakov – AXCP Sumqayıt şəhər şöbəsinin üzvü, fevralın 8-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb.
Amil Məmmədzadə – AXCP fəalı, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Şakir Bəbirov – Avropada mühacirətdə yaşayan bloqçu Orduxan Teymurxanın qardaşı, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb.
Səbuhi Zeynalov – Avropada mühacirətdə yaşayan bloqçu Orduxan Teymurxanın bacısı oğlu, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb.
Elvin Bəhramov – AXCP Masallı rayon şöbəsinin fəalı, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Fərasət Əhmədov – AXCP Masallı rayon şöbəsinin fəalı, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Rahim Şalıyev – REAL Hərəkatının Sumqayıt Məclisinin üzvü, fevralın 20-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Qadir Ağakişiyev – D18 Hərəkatının üzvü, fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb.
Fevralın 21-də AXCP Sabunçu rayon şöbəsinin fəalı Namiq Abbasəliyev saxlanıb, hazırda Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsindədir.
Fevralın 18-də İsmayıllı rayonunda tutulan və barəsində həbs qətimkan tədbiri seçilən AXCP Ali Məclisinin üzvü, jurnalist Elçin İsmayıllıya isə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə təkrarən tələb etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməklə vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Azərbaycanda cinayət əməlində təqsirli bilinərək həbs olunmuş bir çox ictimai-siyasi fəallar var. Onların sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. Bəzi hüquq müdafiəçiləri ölkədə 160-dan çox siyasi məhbusun olduğunu iddia edir.